
Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin inventarında yer alan Türkiyənin ASELSAN şirkətinin istehsalı olan rabitə vasitələrindən geniş və səmərəli istifadə edilib. Kəsintisiz və güvənli hərbi rabitə sistemlərin tətbiqinin Silahlı Qüvvələrə qazandırdığı üstünlüklər bəlkə də ən az bildiyimiz sahələrdir. Bu da təbiidir: məxfilik ordu üçün nə qədər əhəmiyyətlidirsə hərbi radioelektron vasitələrin “görünməzliyi” də bu missiya üçün ən məqbul variantdır.
“Poliqon”un məlumatına görə, ASELSAN rəhbərliyi Vətən müharibəsində şirkət mütəxəssislərinin də zəhmətinin böyük olduğunu bildirib. Hələ müharibədən əvvəl, düşmənin təmas xəttində aktivləşməsinə qarşı adekvat tədbirlər hazırlayan Azərbaycan Silahlı Qüvvələrinin rabitə və radioelektron cəbhəsində də ən yaxın müttəfiqi ASELSAN olub. Belə ki, 2020-ci ilin iyul ayından ASELSAN şirkətinin 250 nəfərdən ibarət yüksək klassifikasiyalı mühəndis heyəti Azərbaycanda, düşmənlə təmas xəttində fəaliyyət başlamışdı.
Düşmənin atəşkəs təxribatlarının tezliklə tammiqyaslı müharibəyə çevriləcəyini proqnozlaşdıran Azərbaycan Silahlı Qüvvələri bu istiqamətdə əks-həmlənin texniki təchizatını ASELSAN-a etibar edib. ASELSAN-a məxsus siqnal araşdırma vasitələri böyük təcrübəyə malik mütəxəssislərin gərgin fəaliyyəti, gecə-gündüz çalışması sayəsində rəqib texnologiyasından üstün olduğunu 44 günlük savaşda tam sübuta yetirilib.
Düşmənin radiorabitə sitemlərinin dinlənməsi və deşifrə olunması, əldə edilən hərbi kəşfiyyat məlumatlarının analizi, düşmən mövqelərinin nəzarətdə saxlanması, silahlı birləşmələrin yerdəyişmələrinin izlənməsi məhz ASELSAN şirkətinin radiorabitə və radioelektron vasitələrinin, eləcə də “görünməz qəhrəmanların” sayəsində mümkün olub.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin rabitə cihaz ehtiyatlarının təchizi məqsədi ilə 1975-ci ildə qurulan ASELSAN şirkəti 1998-ci ildə Azərbaycanda “Aselsan Baku” adlı yerli şirkətini təsis edib.
1-ci Qarabağ savaşında demək olar ki, tamamilə ənənəvi Sovet-Rus hərbi rabitə, siqnal araşdırma sistemləri ilə təchiz olunmuş Azərbaycan “arxalı köpəklə” mübarizədə əliyalın qalmışdı. İstismar müddətini başa vurmuş, müasir texnoloji üstünlüklərindən geri qalan hərbi rabitə və kəşfiyyat sistemi Azərbaycanda bu sahəyə diqqət ayırmağı zərurətə çevirirdi. Müharibə illərində tədricən Azərbaycan əsgərləri ASELSAN texnologiyası ilə tanış olmuşdur.
Sonrakı “atəşkəs” illərində ASELSAN şirkəti tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin istismarına verilmiş radiorabitə, siqnal araşdırması, siqnal qarışdırma vasitələrinin çeşid və funksiyaları o qədər əhatəlidir ki, bu barədə bir yazıyla məlumat vermək imkan xaricindədir. Növbəti yazılarımızda az da olsa bu mövzuya toxunacayıq.
Anar Şuşalı




