ASFAT: Türkiyə hərbi zavodlarının bilik və təcrübəsi Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinə ötürülüb

ASFAT: Türkiyə hərbi zavodlarının bilik və təcrübəsi Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinə ötürülüb

Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin açılışında iştirak ediblər.

Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinin modernizasiya işlərini həyata keçirən ASFAT şirkəti sözügedən kompleksdə görülən işlər barəsində “Poliqon”a vacib açıqlamalar verib.

Bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə ASFAT arasında 3 yanvar 2022-ci il tarixində imzalanmış müqavilə çərçivəsində başlanan Naxçıvan Hərbi Zavodunun Avadanlıqları Layihəsi 7 ay ərzində, qısa bir müddətdə uğurla başa çatdırılıb.

Müəssisənin modernləşdirilməsi nəticəsində Azərbaycan Ordusuna məxsus quru nəqliyyat vasitələrinin təmir, texniki qulluq, yenilənmə və modernləşdirilmə ehtiyacları xaricdən asılı olmadan struktur daxilində həyata keçirilə biləcək.

ASFAT-ın dost və qardaş ölkələrlə əməkdaşlığının ən uğurlu nümunələrindən biri hesab olunan bu layihə ilə Türkiyə hərbi zavodlarının 50 ildən artıq bilgi və təcrübəsi Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinə ötürülüb.

Layihə çərçivəsində ASFAT tərəfindən Naxçıvan Muxtar Respublikasındakı texniki xidmət müəssisəsində əvvəlcə zəruri yoxlamalar aparılaraq tələblər müəyyən edilib və fəaliyyətlərin davamlı olması üçün lazımi bölmə-hissə planlaşdırılması, eləcə də makina, dəzgah və digər avadanlıq ehtiyacları Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığına təqdim edilib. Daha sonra müqavilə əsasında layihəyə start verilib.

Layihənin məqsədi ilk növbədə obyekt infrastrukturunun ehtiyaclara cavab verə biləcək vəziyyətə gətirilməsidir. Bu çərçivədə, elektrik infrastrukturu, xüsusi zəmin inşası, istilik sistemi, kran sisteminin və müxtəlif sexlərin quraşdırılması kimi məsələlər qısa müddətdə planlaşdırılıb və başa çatdırılıb.

Bu fəaliyyətlərlə birlikdə Türkiyə hərbi zavodlarında istehsal edilə bilən və quru nəqliyyat vasitələrinin texniki qulluğu, təmiri, yenilənməsi və modernləşdirilməsi işlərində istifadə olunan makina, avadanlıq, dəzgah və güc qrupu test sistemləri də ASFAT tərəfindən Naxçıvan Bərpa-İstehsalat Hərbi Kompleksinə təhvil verilib. Tədarük edilən avadanlıqların böyük hissəsi ASFAT şirkətinin hərbi zavodlarında yerli və milli imkanlarla istehsal olunub.

Qısa müddətdə və az xərclə həyata keçirilən layihə, Azərbaycanın digər hərbi zavodlarının və texniki-təmir müəssisələrinin də modernləşdirilməsini gündəmə gətirib. ASFAT tərəfindən digər müəssislərə yönəlik ilkin tədqiqatlar Azərbaycan Müdafiə Nazirliyi ilə koordinasiyalı aparılmaqdadır.

Məlumatda o da qeyd olunub ki, orduların fəaliyyətlərində davamlılığın təmin edilməsi baxımından ən mühüm elementlərdən biri olan hərbi zavod və texniki-təmir müəssisələri ilə bağlı analoji modernizasiya layihələrinin ASFAT tərəfindən yaxın gələcəkdə digər dost və müttəfiq ölkələrdə də həyata keçirilməsi üçün fəaliyyətlər davam etdirilməkdədir.

CATEGORIES
TAGS