“Aslan” yerüstü döyüş robotu “Mete” raketi ilə silahlandırılıb
ASELSAN şirkətinin “Aslan” yerüstü döyüş robotu “Roketsan” şirkətinin “Mete” idarəolunan mini-raketi ilə silahlandırılıb.
“Poliqon” xəbər verir ki, “Mete” raketi ilə silahlandırlan “Aslan” yerüstü döyüş robotu Türkiyədə keçirilən “TEKNOFEST İzmir” Aviasiya, Kosmos və Texnologiya Festivalında sərgilənib.
ASELSAN-ın inkişaf etdirdiyi “Aslan” yerüstü döyüş robotu orta ağırlıqdakı sinifə aid platformadır. Çəkisi 700 kiloqram və maksimum sürəti 10 km/saat olan “Aslan”, hərəkət gücünü elektrik mühərrikindən alır. Avtonom çalışa və uzaqdan idarə edilə bilən döyüş robotu, verilən tapşırıqdan asılı olaraq 4 saatdan artıq fəaliyyət göstərmək imkanına sahibdir.
“Aslan” 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili yerlərdə hərəkət edə, 60 sm dərinliyindəki xəndəkləri və 20 sm hündürlüyündəki maneələri aşa bilir. Müxtəlif sensor və kameralarla təchiz olunan bu platforma həm döyüş tapşırıqlarını, həm də kəşfiyyat və müşahidə missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Aslan” yerüstü döyüş robotu “Mete” raketindən başqa, həm də ASELSAN-ın SARP-L döyüş modulu ilə silahlandırıla bilər.
“Roketsan” şirkətinin hazırladığı “Mete”, pilotsuz hava, quru və dəniz platformaları tərəfindən atılabilən 40 mm çaplı raketdir. Hədəfi nişanalma lazer şüasından istifadə etməklə həyata keçirilir. Raket yarıaktiv lazer tuşlama başlığına sahibdir. Onun elan edilmiş mənzili 1 m dəqiqliklə 1000 metr, kütləsi 1.4 kiloqram, uzunluğu isə 500 millimetrdir.