Xəbərlər

ASTROS YARS-ın yeni SS-60 raketi ilə atış sınaqları keçirilib

Braziliya Silahlı Qüvvələri tərəfindən 31 İyul 2021-ci il tarixində yayımlanan videoçarxa görə, Braziliya Ordusunun Ordu Artilleriya Komandanlığı, Braziliyanın “AVİRBAS” şirkətinin istehsalı olan ASTROS II təkərli özüyeriyən yaylım atəşli reaktiv sistemindən (YARS) yeni təkmilləşdirilmiş SS-60 raketi ilə atış sınaqları keçirib.

“Poliqon” xəbər verir ki, təkmilləşdirilmiş SS-60 raketi, Braziliya Silahlı Qüvvələri tərəfindən “ASTROS 2020” proqramı çərçivəsində, 300 km-ə qədər məsafədə taktiki qanadlı raketlərlə atəş apara bilən yeni raket qurğusuna sahib olmaq məqsədi ilə layihələndirilib.

ASTROS II YARS 1983-cü ildə Braziliya Ordusunun silahlanmasına daxil olub.

Sistem İraq Ordusu tərəfindən Fars Körfəzi müharibəsində istifadə edildiyi üçün döyüşlərdə özünü sübut ebib.

“ASTROS 2020” proqramı Braziliya Ordusu tərəfindən orijinal 6×6 təkər formullu Mercedes-Benz 2028A yük maşını əvəzinə 6×6 təkər formullu Tatra Trucks T815-790R39 və 4×4 təkər formullu T815-7A0R59 yük maşınlarına əsaslanan yeni ASTROS MK6 YARS hazırlamaq üçün başladılan iddialı bir proqramdır.

“ASTROS 2020”, təkmilləşdirilmiş zirehli kabin, müasir rəqəmsal rabitə və naviqasiya sistemləri və AV-UCF-nin Contraves Fieldguard sistemini əvəz edən yeni izləmə radarı da daxil olmaqla bir neçə əsas təkmilləşdirmə təklif edir.

Xatırladaq ki, 2019-cu ildə keçirilən LAAD müdafiə sərgisində “AVIBRAS” şirkəti “ASTROS 2020” proqramına daxil olan yeni AV-MTC (AV-300 MT) taktiki qanadlı raketini nümayiş etdirib. Raket hədəfi maksimal 300 km məsafədə məhv edə bilir. Raket əvvəlcə bərk yanacaqlı raket mühərriki ilə hərəkətə gətirilir, marşrut boyu inersial naviqasiya sistemi (INS) və GPS ilə idarə olunur. Yeni raketin uzunluğu 5,5 m, kütləsi isə 1400 kq-dır. Saatda 800 km maksimal sürətlə uça və 200 kq HE (fuqas) döyüş başlığı daşıya bilir.

Qeyd etdiyimiz kimi, SS-60 raketi “Avibras Indústria Aerospacial” şirkəti tərfindən istehsal edilir. Raket, hazırda beş növ idarə olunmayan reaktiv mərmi ata bilən ASTROS YARS-dan atıla bilir.

300 mm-lik SS-60 standart uzun mənzilli reaktiv artilleriya mərmisidir. Ümumi kütləsi 595 kq olan bu variant ASTROS seriyasının ən böyük döyüş başlığına malikdir. Döyüş başlığında 65 ədəd kumulyativ-qəlpəli döyüş elementi yerləşir. Yenidən doldurma qutusunda bir, konteynerdə isə dörd raket daşınır. ASTROS YARS döyüş maşını eyni anda dörd ədəd SS-60 raketini daşıya bilir. Standart SS-60 raketinin maksimal atəş məsafəsi 70 km-dir.

Hazırda ASTROS II YARS Braziliya, Anqola, Bəhreyn, İraq, Qətər, Malayziya və Səudiyyə Ərəbistanının ordularında istismar edilir.

Əhəd Əzizov

Poliqon.az

Back to top button