“Austal USA” şirkəti “Apalachicola” avtonom nəqliyyat gəmisini ABŞ HDQ-yə çatdırıb
ABŞ-ın “Austal USA” şirkəti tərəfindən inşa edilən “Spearhead” (EPF, Spearhead-class expeditionary fast transport) sinifli ilk yeni “Apalachicola” (EPF 13) avtonom nəqliyyat gəmisi ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil verilib.
“Poliqon” “Austal USA”ya istinadən xəbər verir ki, EPF 13, HDQ-nin Floridanın sahilyanı şəhərinin adını daşıyan 2-ci gəmisidir.
Bu, artıq “Spearhead” (EPF) sinfinin 13-cü gəmisidir, lakin “Apalachicola” əvvəlkilərdən heyətsiz avtonom üzmək qabiliyyəti ilə fərqlənir.
“Apalachicola” avtonom nəqliyyat gəmisinin avtomatlaşdırılmış idarəetmə sistemi insanları cəlb etmədən proqramı 30 gün işlədə bilir. O, nəqliyyatın yerinə, eləcə də bort avadanlıqlarının və qovşaqlarının vəziyyətinə nəzarət edir.
“Apalachicola” avtonom nəqliyyat gəmisinin təməli 2021-ci ildə qoyulub, 2022-ci ilin sentyabrında qəbul sınaqlarından keçib. Sınaqlar ABŞ HDQ-nin və “Austal USA” şirkətinin nümayəndələrinə sistemlərin işini qiymətləndirməyə imkan verən bir sıra limandaxili və açıq dəniz nümayişlərindən ibarət olub.
Avtonom sistem digər qayıq və gəmilərin əhatəsində gəmiyə nəzarəti təmin edərək, nəqliyyatın intensiv olduğu sahilyanı ərazilərdə stress sınaqlarından keçib.
“Spearhead” sinifli gəmilər üçün avtonom hərəkət sistemi “L3Harris” və “General Dynamics Mission Systems” şirkətləri ilə əməkdaşlıqda hazırlanıb.
“Apalachicola” avtonom nəqliyyat gəmisi indi ABŞ HDQ-nin avtonom qabiliyyətə malik ən böyük suüstü gəmisidir. O, bir neçə ay ərzində beş dəfə dənizə çıxmışdır ki, bu da “Austal USA” və onların sənaye tərəfdaşları “L3Harris” və “General Dynamics Mission Systems” şirkətlərinə təkcə onun tipik gəmi sistemlərini deyil, həm də “Apalachicola” gəmisinin avtonom bir prototip kimi yaradılması üçün layihələndirmə və inşa müqaviləsi əsasında ABŞ HDQ tərəfindən tələb olunan dəyişikliklər nəticəsində yaranan sistemləri sınamağa və təhlil etməyə imkan vermişdir.
Avtonomluğun təminatının əsasını “Austal USA” şirkətinin yüksək avtomatlaşdırılmış daxili quruluşlu maşın idarəetmə sistemi (machinery control system – MCS) təşkil edirdi ki, bu da maşın əməliyyatlarını körpüdə mərkəzləşdirməklə gəmini minimal sayda insan cəlb edilmiş şəkildə idarə etməyə imkan verir. Bu günə qədər inşa edilmiş bütün “Spearhead” sinif gəmilər təhlükəsiz, miqyaslana bilən, bölüşdürülmüş və çoxsaylı mühərrik konfiqurasiyaları üçün yenidən konfiqurasiya edilə bilən “Austal USA MCS” konstruksiyasını özündə birləşdirir.
Artıq EPF sinifli gəmilərdə quraşdırılmış yüksək avtomatlaşdırılmış gövdə, mexaniki və elektrik sistemlərlə birlikdə “Austal USA” şirkəti “Apalachicola” avtonom nəqliyyat gəmisinə insan müdaxiləsi olmadan 30 günə qədər əməliyyat aparmaq qabiliyyətini təmin etməkdən ötrü avtomatlaşdırılmış texniki xidmət, vəziyyətin monitorinqi və tapşırığa hazırlığı funksiyalarını əlavə edib.
Qeyd edək ki, “Spearhead” sinif gəmisi 1800 kvadratmetrlik böyük yük göyərtəsi, orta yükqaldırma qabiliyyətli göyərtə helikopter meydançası və 300-dən çox desant üçün oturacağı olan, bütün dünyada döyüş əməliyyatları zamanı sürətli və yüksək faydalı yük, həmçinin hərəkətlilik təmin etməyə qadir 103 m uzunluğunda yüksək sürətli alüminium katamarandır. Bu gəmilər 1200 dəniz mili məsafədə 600 ton hərbi yükü orta hesabla 35 düyün sürətlə daşımaq üçün təyin edilib. Gəminin quruluşu dörd ədəd 12,7 mm M2 pulemyotunu quraşdırmağa imkanı verir.
Bu gəmilər dayaz suda da işləyə bilir. Onlar M1A2 “Abrams” tanklarını göyərtəyə götürə bilən üfüqi yükləmə/boşaltma avadanlığı ilə təchiz olunub.
Sərnişin göyərtəsi 312 hərbçi üçün nəzərdə tutulub. Bundan başqa, göyərtədə CH-53/53K helikopterləri üçün eniş meydançası quraşdırılıb. “Apalachicola”, V-22 “Osprey” konvertoplanlarının enişi üçün uyğunlaşdırılmış ilk “Spearhead” sinifli nəqliyyat gəmisidir. “Apalachicola” həm də 11 metrlik sərt gövdəli şişmə qayıqları (Rigid Hull Inflatable Boats – RHIBs) buraxmaq və qaldırmaq qabiliyyətinə malik ilk EPF gəmisidir.
Əhəd Əzizov