Aviasiya rəisi: Milli kadrların hazırlanmasında qardaş Türkiyənin təcrübəsi öyrənilir və tətbiq olunur
Hər sahədə olduğu kimi hərbi aviasiya sahəsində də savadlı kadrların hazırlanması ən vacib məsələlərdən biridir. Bu sahədə fasiləsiz olaraq iş aparılır. Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunda kursantların gələcəkdə peşəkar təyyarəçi və mühəndis kimi yetişmələri üçün professor-müəllim heyəti fəaliyyət göstərir.
Bu fikirlər Azərbaycan Hərbi Hava Qüvvələrinin Hava Döyüş Kamandanının müavini – aviasiya rəisi general-mayor Zaur Rüstəmov POLİQON jurnalına müsahibəsində söyləyib.
Aviasiya rəisi general-mayor Zaur Rüstəmov bildirib ki, hərbi rütbə almış zabitlər ixtisaslarına uyğun təlim mərkəzlərində yerüstü hazırlıqlara cəlb olunurlar. İmtahanlardan uğurla keçən zabitlər aviasiya təlim vasitələrində uçuşlara cəlb olunurlar.
“Milli kadrların hazırlanmasında qardaş Türkiyə Respublikasının təcrübəsi öyrənilir və tətbiq olunur. Hərbi təyyarəçilərimiz müxtəlif xarici ölkələrdə təlim və kurslara da cəlb olunur. İl ərzində bir neçə dəfə qardaş Türkiyə Respublikası ilə birgə təlim planlaşdırılaraq həyata keçirilir. Türk hərbi pilotlarla təcrübə mübadiləsi aparmaq artıq ənənə halına çevrilib. Bu məsələ gələcəkdə də diqqət mərkəzində olacaq. Digər türkdilli dövlətlərlə ortaq taktiki təlimlərin planlaşdırılması və həyata keçirilməsi gündəmdədir.
Dövlətimizin iqtisadi gücü, həmçinin cənab Ali Baş Komandanın diqqət və qayğısı sayəsində Hərbi Hava Qüvvələrimiz Cənubi Qafqazın ən güclü hərbi aviasiya vasitələrinə malikdir və Müstəqil Dövlətlər Birliyi məkanında uçuş saatına görə Azərbaycanın hərbi pilotları ön sıradadır” – deyə aviasiya rəisi general-mayor Zaur Rüstəmov vurğulayıb.