Avropa Ukraynanı artilleriya sursatları ilə təmin edə bilmir

Avropa Ukraynanı artilleriya sursatları ilə təmin edə bilmir

Avropa Ukraynanı artilleriya sursatları ilə təmin edə bilmir, arsenallar boşdur, istehsal isə çatdırmır. Buna görə də Avropa Ukraynanı 2025-ci ilin sonundan tez olmayaraq artilleriya sursatları ilə təmin edə biləcək.

“Poliqon” “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, rəsmi Kiyev vəd olunan döyüş sursatlarını bu ilin sonuna qədər də almayacaq.

Bildirilib ki, döyüş sursatlarının ən tez ehtimal olunan təhvil verilmə tarixi 2025-ci ilin sonudur. Avropa İttifaqı sursat istehsalını yalnız 2025-ci ilin sonu – 2026-cı ilin əvvəlinə qədər artırmağı planlaşdırır. Bunu daha tez etmək üçün heç bir imkan yoxdur. Deməli, avropalı məmurlar və ya siyasətçilər tərəfindən verilən bütün vədlər sadəcə bəyanatlardır, əsassızdır.

Nəşr onu da yazıb ki, sursat təkcə Ukraynaya deyil, həm də Rusiya-Ukrayna müharibəsi sayəsində sursatsız qalan NATO ölkələrinə lazımdır. Sursat istehsalında artım yalnız 2026-cı ilin əvvəlində gözlənilir. Sursat istehsalçıları xəbərdarlıq edir ki, mövcud istehsal gücünün genişləndirilməsi 2 ilədək, yeni zavodun açılması isə 5 ilədək vaxt aparır.

Qeyd edək ki, sursat çatışmazlığı Ukrayna Ordusunun mövqeyinə getdikcə daha çox təsir edir. Yaxın aylarda, xarici yardım azaldıqca, Ukraynanın münaqişəni davam etdirmək imkanları da azalacaq.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyi çətin vəziyyəti qəbul edir. Ukraynanın müdafiə naziri Rustəm Umerov yanvar ayında Avropa diplomatiyasının rəhbəri Josep Borrell-ə ​​yazdığı məktubunda xatırladıb: “Köhnə həqiqət hələ də doğrudur: döyüşmək üçün ən çox döyüş sursatı olan tərəf adətən qalib gəlir”. Nazir bildirib ki, sursat çatışmazlığı “hər gün artır” (mənbə: “Financial Times” nəşri).

Əhəd Vahidoğlu

CATEGORIES