
Avstraliya ABŞ-dan daha 12 ədəd MH-60R helikopteri alır
Avstraliya ABŞ Hökumətinin Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində “Lockheed Martin” şirkətindən daha 12 ədəd MH-60R “Seahawks” helikopter sifarişi verib.
“Poliqon” “Lockheed Martin” şirkətinə istinadən xəbər verir ki, satın alınması planlaşdırılan MH-60R “Seahawks” helikopterləri Avstraliya Silahlı Qüvvələrinin dəniz donanmasının gücləndirilməsinə xidmət edəcək.
Şirkətdən bildirilib ki, sifariş olunan MH-60R helikopterlərinin əksər hissəsinin 2025-ci və 2026-ci ilin ortalarında təhvil verilməsi planlaşdırılıb.
MH-60R “Seahawks” freqatlar, esmineslər, kreyserlərdən və təyyarədaşıyıcılarda istifadə edilməsi üçün nəzərdə tutulmuş çox missiyalı helikopterdir.
ABŞ-ın “Lockheed Martin” şirkətinə daxil olan “Sikorsky” tərəfindən hazırlan MH-60R “Seahawk” helikopterləri “Hellfire” raketləri və “Mark 54” sualtı torpedaları ilə təchiz edilib. Maksimum qalxma çəkisi 10,659 kq olan helikopter 6,895 kq ağırlığındadır.
MH-60R “Seahawk” helikopterləri suüstü və sualtı qayıqlara qarşı döyüş missiyalarını yerinə yetirmək qabiliyyəti ilə yanaşı, müşahidə, axtarış və xilasetmə, o cümlədən ikinci dərəcəli missiyaları yerinə yetirə bilir.
Xatırladaq ki, bundan əvvəl cari ilin iyununda Avstraliya tərəfi “Lockheed Martin” şirkətinə 13 ədəd MH-60R “Seahawks” helikopterinin alınması ilə bağlı sifariş verib.
Hazırda isə Avstraliya hərbi aviasiya parkında 2016-cı ildə alınan 23 ədəd MH-60R “Seahawks” helikopteri mövcuddur.