Avstraliya HHQ F-35A qırıcılarının növbəti partiyasını qəbul edib
Avstraliya Hərbi Hava Qüvvələri (HHQ) beşinci nəsil F-35A qırıcılarının daha bir partiyasını qəbul edib.
“Poliqon” Avstraliya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təyyarələr ABŞ-dan qalxaraq Avstraliyanın Uilyamtaun (Williamtown) aviabazasına enib.
Partiyaya üç yeni qırıcı daxil olub. Beləliklə, əvvəl çatdırılanları nəzərə alaraq, Avstraliya HHQ sifariş verilən 72 təyyarədən 44-nü artıq alıb. Bütün təyyarələr ABŞ HHQ-nin Floridadakı Englin və ya Arizonadakı Luke aviasiya bazasından uçaraq Avstraliyaya öz hərəkəti ilə çatıb. Yeni qırıcılar Avstraliya HHQ-nin 77-ci qırıcı eskadrilyasına daxil ediliblər.
F-35A təyyarələri Avstraliya HHQ-ində 2022-ci ilə qədər silahlanmadan çıxarılması planlaşdırılan F/A-18A / B “Hornet” təyyarələrini əvəz edir.
Qeyd edək ki, Avstraliya HHQ üçün F-35A qırıcıları yığılmasına 2011-ci ildə başlanıb. 2014-cü ildə Avstraliya HHQ-inə təhvil verilən ilk qırıcılar 2018-ci ilə qədər Arizonadakı Luke aviasiya bazasında yerləşmiş və onların üzərində Avstraliya HHQ-nin pilotlarına təlim keçirilib.
Xatırladaq ki, bu günə qədər Avstraliya Müdafiə Nazirliyi 72 qırıcı sifariş verib, lakin 100-ə qədər F-35A təyyarəsi almağı planlaşdırır. Avstraliya HHQ komandanlığı F-35 təyyarəli dörd döyüş və bir təlim eskadrilyası yaratmağı planlaşdırır. Daha 28 qırıcının alınması isə daha sonrakı tarixə nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, Avstraliya 2002-ci ildən F-35 qırıcılarının inkişaf proqramında iştirak edir. Bu günə qədər 50-dən çox Avstraliya şirkəti layihə çərçivəsində ümumi dəyəri 1,2 milyard ABŞ dollarından çox olan təyyarə komponentlərinin istehsalı üçün müqavilələr alıb.
Əhəd Əzizov