Avstriya Ordusuna “Pandur EVO” zirehli döyüş maşınlarının tədarükü davam edir
ABŞ-ın “General Dynamics” şirkətinin tərkibinə daxil olan “General Dynamics European Land Systems” (GDELS) tərəfindən Avstriya Ordusu üçün istehsal olunan “Pandur EVO” 6×6 zirehli döyüş maşınının növbəti partiyası sifarişçiyə təhvil verilib.
Bu barədə “Poliqon” Avstriya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Məlumatda bildirilib ki, “Pandur EVO” 6×6 zirehli nəqliyyat vasitəsinin təhvil verilmə mərasimi Avstriya Müdafiə naziri Klaudia Tannerin də iştirakı ilə GDELS şirkətinin Vyanada yerləşən istehsal müəssisəsində baş tutub.
Bununla, Avstriya Silahlı Qüvvələrinə təhvil verilən “Pandur” zirehli döyüş maşınlarının sayı 50-ə çatdırılıb.
Şirkət tərəfindən müştərilərə həm 6×6, həm də 8×8 təkər platforması ilə təklif olunan “Pandur”un dizaynı ona müxtəlif silah sistemlərinin və təchizatların quraşdırılmasına imkan verir.
11 personalı daşımaq qabiliyyətinə malik olan “Pandur” 6×6 xilasetmə, kəşfiyyat, tibbi təxliyə və komanda mərkəzi kimi istifadə edilə bilər.
Qeyd edək ki, GDELS şirkəti indiyə qədər 3000 ədəddən çox “Pandur” 6×6 və 8×8 döyüş maşınları istehsal edib ki, bunlarında 1000-dən çoxu NATO üzvü ölkələrinə ixrac olunub.