
Azərbaycan KNT-76 snayper tüfəngləri almaq istəyir
Azərbaycan Türkiyənin istehsalı olan KNT-76 snayper tüfənginin ilk xarici istifadəçisi ola bilər.
Bu barədə “AzeriDefence”ə eksklüziv olaraq Türkiyə müdafiə sənayesindəki mənbə bildirib.
Azərbaycanda sınaqdan keçirilmiş snayper tüfənginin sınaq nəticələri müsbət qiymətləndirilib və ilk partiyanın ixracına dair görüşmələr gedir.
MKE-nin MPT-76 avtomatının əsasında yaradılan KNT-76 snayper tüfəngi yarımavtomat iş prinsipinə malikdir. 20 patron tutumlu maqazinlə dəstləşdirilən silahın ümumi uzunluğu 1100 mm, lüləsinin uzunluğu 508 mm, ağırlığı 4700 qram, effektiv atış məsafəsi 800 metr təşkil edir. Snayper tüfənginin qundağının uzunluğunun tənzimlənən və tənzimlənməyən versiyaları mövcuddur.
KNT-76 snayper tüfəngi Türkiyə Silahlı Qüvvələrində 3E EOS şirkətinin istehsalı olan “Kəskin” 3-12×50 optik nişangah və “Bozqurt 675” termal nişangahla dəstləşdirilmiş şəkildə silahlanmaya qəbul edilib.