Xəbərlər

Azərbaycan və Pakistan HHQ arasında əməkdaşlıq məsələləri müzakirə edilib

İyunun 17-də Azərbaycan Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda səfərdə olan Pakistanın Hərbi Hava Qüvvələrinin (HHQ) Aviasiya vitse marşalı Tariq Ziyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə Pakistanın nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşların məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirələrini ehtiramla anıb.

Azərbaycan hərbi pilotlarının Pakistanın HHQ Akademiyasında təhsilindən məmnunluğunu ifadə edən general-leytenant R.Tahirov hər iki ölkənin hərbi aviasiya sahəsində əməkdaşlığının və HHQ arasında əlaqələrin inkişaf etməsinin Azərbaycan və Pakistan Ordularının döyüş qabiliyyətinin daha da güclənməsinə töhfə verdiyini bildirib.

Görüşdə Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Pakistan nümayəndə heyətinin rəhbəri Vətən müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Tərəflər Azərbaycan və Pakistan HHQ arasında hərbi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığının inkişaf perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Poliqon.az

Back to top button