Azərbaycan HHQ-yə məxsus Mobil Hava Hərəkətini İdarəetmə Qülləsi üstün imkanlara malikdir – FOTO

Azərbaycan HHQ-yə məxsus Mobil Hava Hərəkətini İdarəetmə Qülləsi üstün imkanlara malikdir – FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) arsenalında yer alan ASELSAN istehsalı Mobil Hava Hərəkətini İdarəetmə Qülləsi (MHHİQ) silahlı qüvvələr tərəfindən uğurla istifadə edilir.

“Poliqon” xəbər verir ki, Azərbaycanda ilk dəfə ADEX-2018 Beynəlxalq Müdafiə Sərgisində ASELSAN tərəfindən nümayiş etdirilən Mobil Hava Hərəkətini İdarəetmə Qülləsi daha sonra, Azərbaycan Ordusunun istifadəsinə verilib.

Belə ki, 2019-cu ilin iyulunda Xəzər dənizi üzərində qəzaya uğrayan MiQ-29 döyüş təyyarəsinin və itkin düşmüş pilotunun tapılması üçün Müdafiə Nazirliyinin təşkil etdiyi axtarış-xilasetmə əməliyyatlarına cəlb edilən MHHİQ ilk dəfə geniş ictimaiyyətə təqdim edilib.

Müdafiə Nazirliyi tərəfindən Mobil Hava Hərəkətini İdarəetmə Qülləsindən 2022-ci ildə Bakı şəhərində Dənizkənarı bulvar ərazisində keçirilmiş “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı zamanı da təhlükəsizlik tədbirləri çərçivəsində istifadə edildiyi müşahidə edilib.

6×6 təkər formuluna malik KAMAZ markalı nəqliyyat vasitəsi üzərinə inteqrasiya olunmuş Mobil Hava Hərəkətini İdarəetmə Qülləsi daxili rabitə sistemləri ilə təchiz edilib. Bu qüllə vasitəsi ilə həm səs, həm də görüntü ötürülməsi istifadəçilər tərəfindən yüksək qiymətləndirilir.

MHHİQ-nin sürətli şəkildə quraşdırılan-yığılabilən olması istifadəçinin operativ mənada ehtiyaclarına cavab verir.

MHHİQ-nin kabinəsi taktiki nəqliyyat vasitəsinə yerləşdirilmiş 10 kVA dizel generatoru, həmçinin elektrik şəbəkəsindəki elektrik gərginliyindən enerji ala bilir. Həmçinin kabinə daxilində sistemin fasiləsiz işləməsi üçün toplam 6 kVA kəsintisiz enerji təchizatı (UPS) var.

Qeyd edək ki, ASELSAN-ın Azərbaycanda həyata keçirdiyi Hava Platformaları və Qüllə Kommunikasiya Sisteminin Modernizasiyası Layihəsi çərçivəsində, ötən il Müdafiə Nazirliyinin başqa sifarişləri də yerinə yetirilib. Belə ki, Azərbaycan Ordusunun təcili ehtiyac duyduğu təhlükəsiz və müasir rabitə infrastrukturunu təmin etmək üçün Hərbi Hava Qüvvələrinin inventarında yer alan bütün növ stasionar və fırlanan qanadlı antenna platformaları ilə sabit və mobil qüllələrə V/UHF və HF diapazonunda işləyən proqram təminatlı radio və interkom sistemləri ASELSAN-ın müxtəlif rabitə vasitələri ilə birlikdə çatdırılıb və inteqrasiya edilib.

CATEGORIES
TAGS