Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda səfərdə olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, səfərin proqramına uyğun olaraq əvvəlcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Heydər Əliyev Meydanı ziyarət edilib.
Sonra nümayəndə heyəti Özbəkistanın Silahlı Qüvvələrinin Hərbi Akademiyasına gələrək hərbi təhsil müəssisəsinin infrastrukturu və tədris prosesi ilə tanış olublar. Nümayəndə heyətinə akademiyanın yaranma tarixi və əsas fəaliyyət istiqaməti barədə brifinq təqdim edilib.
General-leytenant H.Piriyev akademiyanın xatirə kitabına ürək sözlərini yazıb.
Hərbi akademiyanın rəhbər heyəti ilə keçirilən görüşdə hər iki ölkə arasında hərbi təhsil, hərbi kadrların və ali hərbi təhsil müəssisələrində professor heyətinin hazırlanması sahəsində təcrübə mübadiləsi aparılıb.
General-leytenant H.Piriyevin “44 günlük Vətən müharibəsinin gələcəkdə çoxsaylı araşdırmaları” mövzusunda çıxışı akademiyanın professor-müəllim heyəti, təkmilləşdirmə kursunda təhsil alan birləşmə komandirlərinin müavinləri və dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Mərkəzi Hərbi Dairəsinin Qoşunlarının komandanı general-mayor Oybəy Səyidov ilə də görüşüb. Görüşdə maraq doğuran bir sıra məsələlər müzakirə olunub.





