Azərbaycan Milandakı Astronavtika Konqresində elmi işlər üzrə rekorda imza atıb

Azərbaycan Milandakı Astronavtika Konqresində elmi işlər üzrə rekorda imza atıb

Azərbaycan İtaliyanın Milan şəhərində keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə elmi məqalələrin təqdim edilməsi üzrə rekord nəticə qazanıb.

Bu barədə “Poliqon” Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycandan Milan Konqresinə 345 elmi məqalə təqdim olunub. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə dünyada beş ölkədən biridir. Konqresin evsahibi olan İtaliya 985 elmi məqalə, Amerika Birləşmiş Ştatları 782 elmi məqalə, Çin 539 elmi məqalə, Hindistan 476 məqalə və ötən ilki Konqresin evsahbi Azərbaycan 345 elmi məqalə ilə top beşlikdədir.

Xatırladaq ki, ötən il Bakı Konqresində də Azərbaycan 214 elmi məqalə ilə ilk beş ölkə sırasında yer alıb. Azərbaycanın bu il yüksək göstəriciyə nail olmasında ötən il Bakıda keçirilən Konqresin xüsusi rolu olub. Diqqət çəkən məqamlardan biri də ötən ilki Bakı Konqresindən sonra Milan Konqresinə qoşulan inkişaf etməkdə olan ölkələrin və yeni kosmik aktyorların sayının artmasıdır. Bakı Konqresinin yaratdığı yüksək səviyyəli tədbir standartı sayəsində dünyada bu ilki Astronavtika Konqresinə maraq artıb və bunun sayəsində 106 ölkədən ümumilikdə 7000-dən çox elmi məqalə təqdim edilib.

Milan Konqresinə Azərbaycandan təqdim olunan elmi məqalələrin 90%-i gənclər tərəfindən hazırlanıb. Bu da elmin, yeni texnologiyaların, innovasiyanın və kosmik sənayenin inkişafında təkanverici amil olan Azərbaycanın gəncinin və alimlərinin yüksək intellektual potensialının nəticəsidir. Ölkəmizdə elm və təhsilin sürətli inkişaf tempi sayəsində məhz Azərbaycan gənci elm və texnoloji tərəqqidən geri qalmır, qlobal səviyyədə təmsil olunur. Azərkosmosun ölkədə kosmik ekosistemin inkişafı üçün apardığı davamlı maarifləndirmə işlərinin uğur indeksidir ki, gənclər kosmik sahədə dünya miqyaslı və rəqabət apara biləcək elmi məqalələrini beynəlxalq auditoriyaya təqdim edir.

Dünyada hazırda kosmik sahə elmi əsaslı, innovativ texnoloji istehsal üzərində inkişaf edir. Azərbaycanın bu sahədə öz elmi tədqiqat potensialını artırması ölkəmizin gələcək texnoloji profilinin inkişafına müsbət təsirini göstərəcək.

Qeyd edək ki, “Dayanıqlılıq naminə kosmik məsuliyyət” (Responsible Space for Sustainability) çağırışı ilə keçirilən Milan Konqresinə təqdim olunan elmi məqalələrin mövzusunda iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, nəqliyyat, enerji, maliyyə, şəhərsalma, rabitə, ətraf mühitin monitorinqi və təhlükəsizlik sahələrində kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və davamlı gələcəyin inkişafı üçün kosmik həllər kimi məsələlər yer alıb.

CATEGORIES