
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC Türkiyədə keçiriləcək SAHA 2026 sərgisində Azərbaycan müdafiə sənayesinin imkanlarını nümayiş etdirəcək.
“Poliqon” xəbər verir ki, holdinqin stendində “Azərsilah”la yanaşı, digər yerli müdafiə sənayesi müəssisələri də təmsil olunacaq.
Bunlar arasında “Alov” zavodu, “Aqreqat İstehsalat Birliyi” MMC, “Cihaz İstehsalat Birliyi” MMC, “İqlim” Elmi-İstehsalat Müəssisəsi, “Zireh” MMC, Milli Aerokosmik Agentliyi və digər müəssisələr yer alır.
Sərgidə Azərbaycanın müdafiə sənayesi potensialı beynəlxalq ictimaiyyətə təqdim ediləcək. SAHA 2026-da nümayiş etdiriləcək məhsullar yerli müdafiə sənayesinin innovativ yanaşmasını və artan istehsal imkanlarını özündə əks etdirəcək. Stenddə iri və orta çaplı atıcı silahlar, minaatan və qumbaraatan sistemləri, müxtəlif çaplı sursatlar, həmçinin pilotsuz uçuş aparatları, pilotsuz dəniz platformaları, antidron sistemləri və kəşfiyyat vasitələri sərgilənəcək. Bununla yanaşı, optik cihazlar, müasir rabitə vasitələri, hərbi təyinatlı geyimlər və fərdi təchizat vasitələri də ziyarətçilərə təqdim olunacaq.
Qeyd edək ki, “Azərsilah” holdinqinin SAHA 2026 sərgisində iştirakı müdafiə sənayesində mövcud inkişaf istiqamətlərinin izlənməsi, beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və yerli istehsalın ixrac potensialının qlobal auditoriyaya nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.




