
Azərbaycan Ordusunda Böyük britaniyalı mütəxəssislərin iştirakı ilə təlim kursu keçirilir
Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə nazirlikləri arasında əməkdaşlıq planına əsasən ölkədə Təhlükəsizlik və Partlayıcı maddələrin Tədrisi Beynəlxalq Məktəbinin mütəxəssisləri tərəfindən “Partlayış təhlükələri haqqında məlumatlandırma” üzrə təlim kursu keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, təlim kursunun keçirilməsində əsas məqsəd partlayıcı sursatların qalıqları ilə tanışlıq, onlarla davranış qaydaları, minalanmış ərazinin işarələnməsi və yaralıların həmin ərazilərdən təxliyəsi, həmçinin gələcəkdə bu təlimin öz mütəxəssislərimiz tərəfindən keçirilməsinin metodlarını tədris etməkdən ibarətdir.
Azərbaycan hərbi qulluqçularının iştirakı ilə keçirilən kurs 2023-cü il fevral ayının 4-dək davam edəcək.
Qeyd edək ki, təlim kursu Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, eləcə də “Qaraheybət” Təlim Mərkəzində nəzəri və praktiki olaraq keçirilir.