Azərbaycan Ordusunun təlimlərində Mk.19 avtomatik qumbaraatanı – FOTOLAR

Azərbaycan Ordusunun təlimlərində Mk.19 avtomatik qumbaraatanı – FOTOLAR

Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlimində 40 mm-lik Mk.19 avtomatik qumbaraatandan istifadə edilib.

“Poliqon”un məlumatına görə, Mk.19 (Mark 19) lentdən qidalanan 40 mm çaplı dəzgahlı avtomatik qumbaraatandır. 20-dən çox ölkənin inventarında yer alan Mk.19 avtomatik qumbaraatanı istismar müddətində üç təkmilləşdirmə mərhələsindən keçib. Bu gün ən qabaqcıl model 1981-ci ildə silahlammaya qəbul edilmiş Mk.19 “Mod.3” qumbaraatanıdır.

Qumbaraatanın kütləsi 35,3 kq, dəzgahın kütləsi 20 kq (M3 üçayaq-dəzgahı) və ya 9,1 kq (yüngülləşdirilmiş XM205 dəzgahı) təşkil edir. Qumbaraatanın uzunluğu 1095 mm, lüləsinin uzunluğu isə 417 mm-dir. Atəş tezliyi dəqiqədə 360-390 atəş, nişangah məsafəsi 1500 m və maksimal atəş məsafəsi 2200 m-dir. Lentin tutumu 32 və ya 48 atəş yığımıdır.

Qumbaraatandan М430A1 HEDP qəlpəli-kumulyativ qumbaralı, М383 və М384 qəlpəli qumbaralı, həmçinin М385 təlim qumbaralı atəş yığımları ilə atış aparılır. Hazırda ABŞ Müdafiə Nazirliyi ilə RDZM (“Rheinmetall Day & Zimmermann Munitions”) şirkəti arasında bağlanmış müqavilə əsasında “ağıllı” HEDP-AB XM1176 atəş yığımlarının yaradılması üzərində işlər yerinə yetirilir. Yeni döyüş sursatının baza М430A1 HEDP qəlpəli-kumulyativ qumbaralı atəş yığımından əsas fərqi proqramlaşdırılan partladıcısındadır. Bundan başqa, qumbaraatanların özləri proqramlaşdırılan blokla təchiz olunacaqlar.

Türkiyənin ASELSAN şirkəti tərəfindən ən son təkmilləşdirilmə versiyada Mk.19 avtomatik qumbaraatanı 40 mm-lik ATOM yüksək sürətli ağıllı sursatı (YHBAM) və ATNİS-10 yüksək termal silah nişangahı ilə komplektləşdirilib.

40 mm-lik ATOM adlı proqramlaşdırılabilən qəlpəli atəş yığımı Türkiyənin Müdafiə Sənayesi Başqanlığının (SSB) tələbi əsasında ASELSAN və MKE (Makine ve Kimya Endüstrisi) şirkətləri tərəfindən birgə hazırlanıb.

Sursatın içərisindəki xüsusi elektromexaniki komponentlər vasitəsilə onun lülədən çıxdıqdan sonra havada partlayacağı zaman proqramlaşdırıla bilər. Hədəfə çatdıqda isə sursatın tərkibindəki 500-dən artıq qəlpə partlayışla ondan ayrılaraq binanın içərisində gizlənmiş terorçuları, düşmənin snayperlərini, döyüş meydanında, səngər və sektorlarda mövqelənmiş əsgərlərini, habelə zirehsiz texnikalarını məhv edə bilir.

ASELSAN tərəfindən hazırlanan ATNİS-10 yüksək kalibrli termal silah nişangahı istənilən şəraitdə müxtəlif platformalar üçün yüksək atış performansı təmin edir. Termal nişangah 40 mm-lik qumbaraatan platformalarına 1500 metrə qədər dəqiq atış bacarığı və 4000 metrdən həm avtomobil hədəflərinin aşkarlanmasına, həm də ona qədər olan məsafənin ölçülməsinə imkan verir.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş