Xəbərlər

Azərbaycan-Pakistan birgə hərbi təlimlərin keçirilməsi müzakirə olunub

İyunun 29-da müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Zahir Əhməd Baber Sidhunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə general-polkovnik K.Vəliyev iki ölkə arasında ənənəvi mehriban dostluq və qardaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib. Baş Qərargah rəisi Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini bildirib.

Azərbaycana səfərdən məmnunluğunu ifadə edən Pakistan HHQ komandanı isə öz növbəsində iki ölkə arasında münasibətlərin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdə, həmçinin birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Poliqon.az

Back to top button