Azərbaycan peykləri hazırda yerli mütəxəssislər tərəfindən idarə olunur

Azərbaycan peykləri hazırda yerli mütəxəssislər tərəfindən idarə olunur

Azərbaycanın beynəlxalq arenada qazandığı etibarlı tərəfdaş imici və effektiv xarici siyasəti ölkəmizdə kosmik sahənin inkişafına stimul oldu.

Bu sözləri Azərkosmosun İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov POLİQON jurnalına müsahibəsində söyləyib.

“Bu gün beynəlxalq aləmdə kosmos ölkəsi kimi tanınırıq. Bu isə təsadüfi deyildir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və texnoloji inkişafa xüsusi diqqət verməsi ilə kosmos sahəsində uğurlu nəticələr əldə etmişik. 2008-ci ildə Azərbaycan Respublikasında müasir kosmik sənayenin yaradılması və inkişafı üzrə təsdiq edilən Dövlət Proqramı ilə Azərbaycanda müasir kosmik layihələr həyata keçiriməyə başladıq.

Qısa zamanda peyklərimizi orbitə buraxdıq. 2013-cü ildə informasiya-kommunikasiya texnologiyaları ölkə iqtisadiyyatının neftdən sonra ikinci əsas sektoru elan edildi. Həmin ildə “Azerspace-1”in orbitə çıxarılması ilə başlayan yolumuz növbəti peyklərin orbitə çıxarılması üçün möhkəm zəmin yaratmış oldu. Kosmik sənayenin inkişafı ilə cəmiyyətimizdə kosmos sahəsi üzrə elm və intellektual potensial artırmış, yüksək ixtisaslı kadrlar hazırlanmışdır. Hazırda peyklərimiz yerli mütəxəssislər tərəfindən idarə olunur”.

Sədr müavini bildirib ki, Azərkosmos öz miqyasında – Agentlik daxilində innovativ mühit yaratmaq istiqamətində də işlər görməkdədir: “Bu gün Azərkosmosda peyklərin idarə edilməsi və satış fəaliyyəti ilə yanaşı, artıq innovativ yaradıcılıqla məşğul olan Tədqiqat və İnkişaf Mərkəzi də fəaliyyət göstərir. Mərkəzdə ölkəmizin gəncləri arasında kosmik ekosistemin gücləndirilməsi məqsədilə innovasiya, tədqiqat və inkişaf yönümlü layihələr və kosmik maarifləndirmə üzrə fəaliyyətlər həyata keçiririk.

Azərkosmosda peyk xidmətlərini rəqəmsallaşdırmaq və real vaxt rejimində daha çox məlumatın işlənməsinə imkan yaratmaq, müştərilərin sayın artırmaq və onlar üçün rəqəmsal məlumatlara çıxışı asanlaşdırmaq üçün Coğrafi İnformasiya Sistemləri mərkəzimiz fəaliyyətə başlamışdır. Mərkəzdə qlobal iqlim dəyişikliklərinin Azərbaycana təsirlərini qiymətləndirmək üçün mütəmadi olaraq iqlim hesabatları hazırlayırıq”.

Dunay Bədirxanov Azərbaycanın dünya kosmik ailəsinin üzvü olması və bu sahədə etibarlı tərəfdaş kimi tanınması ölkəmizə artıq kosmos sahəsinin qlobal tədbirlərinə ev sahibliyi etmək imkanının verdiyini deyib. Onun sözlərinə görə, Beynəlxalq Astronavtika Konqresi kimi kosmik sənayenin prestijli və nəhəng bir tədbirinin ölkəmizdə keçirilməsilə beynəlxalq kosmos ictimaiyyəti Bakıda bir araya gəlib.

CATEGORIES
TAGS