Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 103 illiyi münasibətilə mətbuat konfransı keçirilib
Bu gün Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 103 illiyi münasibətilə Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında mətbuat konfransı keçirilib.
“Poliqon” xəbər verir ki, DSX rəisinin müavini general-leytenant Abbas Xəlilov və Aparat rəhbəri general-mayor Elçin İbrahimovun iştirakı ilə keçirilən mətbuat konfransında əvvəlcə Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasını və Vətən müharibəsindəki Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin döyüş fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.
General-leytenant Abbas Xəlilov bildirib ki, DSX-nin şəxsi heyəti 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq Azərbaycanın dövlət sərhədlərinə tam nəzarətin həyata keçirilməsinə və sərhədlərin mühafizəsinə nail olunması yolunda əsl qəhrəmanlıq və şücaət göstərib.
Bildirilib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanın DSX qarşısında qoyduğu döyüş tapşırıqlarının uğurlu icrası üçün bütün qüvvə və vasitələr tam səfərbər edilib. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında şücaət və qəhrəmanlıq göstəriblər.
Sonra, DSX rəisinin müavini general-leytenant Abbas Xəlilov və Aparat rəhbəri general-mayor Elçin İbrahimov jurnalistlərin suallarını cavablandırıblar.