Azərbaycan Silahlı Qüvvələrinə “Ozan” minaaxtaran detektorunun tədarükü davam edir
Türkiyənin TÜBİTAK BİLGEM Mərkəzi tərəfindən istehsal edilən “Ozan” minaaxtaran detektorunun Azərbaycan Silahlı Qüvvələrinə tədarükü davam edir.
Bunu “Poliqon”a açıqlamasında TÜBİTAK BİLGEM Mərkəzinin direktor müavini Hakkı Murat Genç deyib.
Direktor müavininin sözlərinə görə, TÜBİTAK BİLGEM Mərkəzi tərəfindən bu günə qədər Azərbaycan Ordusuna 1300 ədəd “Ozan” adlı minaaxtaran detektoru təhvil verilb.
TÜBİTAK mühəndisləri tərəfindən milli və yerli imkanlar hesabına hazırlanan detektor qatlanaraq asanlıqla daşına bilir. Çəkisi 1,5 kq olan “Ozan” minaaxtaranı kompakt quruluşa malikdir. Metal mina detektoru əməliyyat zonasında xidmət göstərən mühəndis bölmələrinin ehtiyacları nəzərə alınmaqla dizayn edilib.
Dünyanın ən yüngül metal mina detektorlarından biri olan “Ozan” mühəndis bölmələrinə geniş ərazilərdə daşınma asanlığı təmin edir. Yanlış siqnal dərəcəsi minimuma endirilən sistem operatora səsli, vizual və vibrasiya xəbərdarlıqları olan üç fərqli aşkarlama xəbərdarlığı təklif edir.
Detektor üsərində quraşdırılan LCD ekranı ilə aşkar olunan hədəfin metal sıxlığı asanlıqla müşahidə edilə bilər. Hər cür hava şəraitində tam dəqiqliklə işləyə bilən “Ozan” sistemi MIL-STD 810G və IP-67 test standartlarına və MIL-STD 1472F erqonomika standartlarına cavab verməklə sertifikatlaşdırılıb.