Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il ötür
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 106 il ötür.
“Poliqon” xəbər verir ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb.
Həmin vaxt təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Silahlı Qüvvələr yenidən yaradılıb.
Ölkədə peşəkar ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında qoyulub. Azərbaycanda qeyri-qanuni silahlı birləşmələr ləğv edilib, vahid komandanlıq yaradılıb, hərc-mərcliyə son qoyulub və nizami ordu formalaşdırılıb.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 mayda imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atılıb və 26 İyun – Silahlı Qüvvələr Günü elan olunub.
Ordu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə ölkədə müasir hərbi sənaye kompleksinin yaradılması, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesi uğurla həyata keçirilir.
2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızın azadlığı uğrunda başlatdığı əks-hücum əməliyyatları nəticəsində düşmən üzərində qələbə qazanılıb. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olunub və Azərbaycanın ərazi bütövlüyü təmin edilib.
2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb, düşmən təslim olub. Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib.