Qazaxıstan Ordusunun əsgərləri yerüstü döyüş robotu hazırlayıb
Qazaxıstan Silahlı Qüvvələrinin əsgərləri tərəfindən “Barıs” adlı yerüstü döyüş robotu hazırlanıb.
“Poliqon” Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Batıs” regional komandanlığının dəniz piyada briqadasının əsgərləri robot texnikasının təlimlərini keçirirlər.
Bildirilib ki, yürüstü döyüş robotunun yaradıcıları 10 ay əvvəl Qazaxıstanın Türküstan bölgəsindən hərbi xidmətə çağırılmış 2-ci hücum batalyonunun mexanik-sürücüləri sıravi əsgərlər Battal Osmanov və Yusuf Pərmankuldur.
Döyüş robotu ilə bağlı məlumat verən Battal Osmanov onu necə yaratdıqları barədə danışıb: “Tağımların döyüş atışlarından sonra batalyon komandiri dostum və mənə dedi ki, uzaqdan idarə edilən döyüş maşını düzəlt. Dizaynını çəkdik və əlimizdəki alətlərdən maşın hazırlamağa başladıq. Bunu etmək iki həftə çəkdi. Maşına bizim batalyonumuzun adı “Barıs” verildi”.
Təxminən 10 kiloqram ağırlığında olan və uzaqdan idarə edilən döyüş robotu öz oxu ətafında 360 dərəcə fırlana bilən 7.62 mm-lik PKT pulemyotu təchiz edilib. Onun maksimal hərəkət sürəti 10-15 km/saatdır. Gələcəkdə təkmilləşdirilməsi planlaşdırılan “Barıs” yerüstü döyüş robotunun, şassisinin gücləndirilməsi, sürətinin artırılması və üzərinə qumbaraatanın quraşdırılması nəzərdə tutulub.