Müdafiə

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna daxil olan vəsait 1,5 milyon manat artıb

Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna mayın 1-dək daxil olan vəsait açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 may 2016-cı il tarixədək 73.095.369,76 AZN, 212.373,88 ABŞ dolları, 2993,69 avro və 5000,0 rubl vəsait daxil olub.

Fondun vəsaiti aprel ayı ərzində 1 milyon 566 min 216 manat artıb. Aprel ayında ilk dəfə olaraq Fondun Rusiya rublı ilə olan hesabına 5 min rubl vəsait daxil olub.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondu Prezidentin 2002-ci il 17 avqust tarixli 755 saylı fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

 

Back to top button