Azərbaycan Ukraynaya mexaniki minatəmizləmə maşını tədarük edib

Azərbaycan Ukraynaya mexaniki minatəmizləmə maşını tədarük edib

Azərbaycanın “Improtex Industries” şirkəti tərəfindən istehsal edilən “Revival P” mexaniki minatəmizləmə maşını Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə (DSNS) təhvil verilib.

“Poliqon” DSNS-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mütəxəssislərinə təlim keçmək üçün “Improtex Industries” şirkətinin nümayəndələri də Ukraynaya gediblər.

Bildirilib ki, “Revival P”, gələcəkdə işğal olunmuş ərazilərin minalardan təmizlənməsində Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin istehkamçılarına kömək edəcək.

Əsasən, piyada əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulan “Revival P” 7 kiloqramlıq TNT partlayışlarına qarşı dayanıqlıdır. O, şəhər yerlərində, meşələrdə, kollarda, tarlalarda, meşə yollarında və çay sahillərində minaların təmizlənməsi üçün uyğundur. “Revival P”, tank əleyhinə minaların partlamasına tab gətirə bilsə də, o, tank əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulmayıb. Onun sahib olduğu uzaqdan idarəetmə funksiyası operatora mina və sursatların partlaması zamanı dağıdıcı partlayış dalğası və zədə yetirə biləcək qırıntıların yayılma əhatəsindən kənarda qalmağa imkan verir. Texnikanın istehsalında istifadə olunan xüsusi zirehli metal, minatəmizləmə zamanı “Revival P”nin mühərrik, habelə digər vacib hidravlik və elektron komponentlərini qoruyur. “Revival P”nin dizaynında ballistik parametrlər nəzərə alınıb.

Onun gövdəsinin uzunluğu 4900 → 5200 mm, eni 1700 mm, hündürlüyü 1850 mm və təmizləmə qurğusunun eni 2000 millimetrdir. Texnikanın toplam çəkisi 6.5 ton, dırmanma qabiliyyəti 35°, eninə hərəkət əyimi 30°, uzaqdan idarəetmə məsafəsi 2000 metr və suya dalma dərinliyi 500 mm təşkil edir. Hərəkət sürəti 5 km/saat, işləmə sürəti isə 0.5-1.5 km/saat olan “Revival P”ni 259 at gücündəki “John Deere” mühərriki hərəkətə gətirir.

O, -20°C ilə +55°C temperatur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilir. Texnika 360° videogörüntü təmin edən 4 ədəd partlayış dalğasına davamlı kameralar – bir ədəd 80x yaxınlaşdıran Zoom kamera və üç ədəd 120° kamera ilə təchiz olunub. İdarəetmə panelinin ekran ölçüsü 6’’ olan “Revival P”, 360° kamera sistemi üçün 10.1’’ düym HD ekrana malikdir. Texnikanın mina təmizləmə sahəsinin eni 1900 mm, dərinliyi 300 mm, bitki örtüyü təmizləmə qabiliyyəti 1500 mm və minatəmizləmə bacarığı 2500 m2/saat təşkil edir.

CATEGORIES
TAGS