
Azərbaycan müdafiə sənayesi nazirinin müavini Mehman Baxışovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda rəsmi səfərdə olub.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, nümayəndə heyəti Tbilisi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkını ziyarət edərək, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad edib.
Səfər zamanı M.Baxışov Gürcüstanın müdafiə naziri İrakli Çikovani, müdafiə nazirinin müavinləri Davit Kupatadze və Grigol Giorgadze, həmçinin “Delta” Dövlət Hərbi-Elmi Texniki Mərkəzinin baş direktoru Davit Axvlediani ilə görüşlər keçirib.
Görüşlərdə Azərbaycan və Gürcüstan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi-texniki əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti, həmçinin “Delta” Dövlət Hərbi-Elmi Texniki Mərkəzini, “Delta-WB” MMC-ni və “Tbilaviamsheni” ASC-ni ziyarət edib. Onlara müəssisələrin fəaliyyət istiqamətləri, istehsal gücləri və müasir texnoloji imkanları barədə ətraflı məlumat verilib.
Ziyarətlər zamanı müdafiə sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlıq imkanları müzakirə edilib.









