Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıqlarını genişləndirir

Azərbaycan və Özbəkistan kosmik sahədə əməkdaşlıqlarını genişləndirir

Azərbaycan Kosmik Agentliyi (“Azərkosmos”) Özbəkistanın Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyi (“Uzbekkosmos”) ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

“Azərkosmos”un Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin toplantısı çərçivəsində imzalanan müqavilədə Azərbaycan və Özbəkistan arasında kosmik sahədə fəaliyyətlərin genişləndirilməsi nəzərdə tutulub.

İkitərəfli əməkdaşlıq çərçivəsində “Azərkosmos” Özbəkistanın ərazisində torpaqların şoranlıq dərəcəsinin ilkin qiymətləndirilməsi üçün pilot layihə həyata keçirəcək.

Ümumiyyətlə Özbəkistanın su ehtiyatlarının əsas hissəsi, 80-90%-i əkinçilik ehtiyacları üçün istifadə olunur. Bu sahədə quraqlıq sahələrinin qiymətləndirilməsində peyk texnologiyaların istifadəsinə geniş yer verilir. Sözügedən layihə çərçivəsində də “Azərkosmos”un kosmik həlləri və coğrafi informasiya xidmətləri üzrə təcrübəsi əsasında torpaqlarin şorlaşma dərəcələrini müəyyən etmək mümkün olacaq. Həmçinin, bu sahədə Azərbaycan və Özbəkistan mütəxəssisləri arasında təcrübə mübadiləsi də aparılacaq.

Qeyd edək ki, hazırda dünyada iqlim, peyk və ətraf mühit məlumatlarını birləşdirən quraqlıq ərazilərin indeksləri hazırlanıb. Peyk təsvirləri ilə toplanmış məlumatlar torpaqların quru səthinin temperaturu, buxarlanma, torpaq rütubəti və yağıntı daxil olmaqla quraqlıqla bağlı bir neçə əsas dəyişənləri qiymətləndirmək üçün istifadə edilir.

CATEGORIES
TAGS