Azərbaycanda ilk qadın minatəmizləmə qrupları üçün təlimlərə başlanılıb

Azərbaycanda ilk qadın minatəmizləmə qrupları üçün təlimlərə başlanılıb

Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupu ilə tərəfdaşlıqla həyata keçirdiyi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılmasına başlanılıb.

“Poliqon” xəbər verir ki, iyunun 16-da ilk qrupların formalaşdırılması üçün təlimlərə start verilib.

Təlimlər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində keçirilir. Təlimlərdə elan olunmuş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 qadın iştirak edir.

Altı həftə davam edəcək təlimləri uğurla başa vuran qadınlar ANAMA tərəfindən akkreditasiya olunacaq və sahə əməliyyatlarına başlamaq üçün Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun sertifikatla təltif ediləcəklər. “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsi çərçivəsində 2 minatəmizləmə qadın qrupunun yaradılması nəzərdə tutulur.

Açılış tədbirində ANAMA, Aİ və BMTİP nümayəndələri təlim iştirakçılarını salamlayaraq, Azərbaycanda mövcud mina təhlükəsi, minalardan təmizləmə üzrə görülən işlər, Aİ tərəfindən maliyyələşdirilən, BMTİP tərəfindən icra olunan layihənin komponentləri barədə məlumat veriblər. Mina təhlükəsi ilə mübarizədə cinsi mənsubiyyətin heç bir əhəmiyyətinin olmadığı, öz doğma yurdlarına qayıdan keçmiş köçkünlər arasında mina təhlükəsi ilə qadınların hətta daha çox üzləşdiyi, onların məlumatlılığının artırılmasının vacibliyi bildirilib.

Tədbir zamanı minatəmizləmə fəaliyyəti üçün yeni alınmış siçovullar və itlər də nümayiş olunub.

Poliqon.az

CATEGORIES