RegionXəbərlər

Azərbaycanın daxili işlər naziri KPE şirkətinin zavodunu ziyarət edib – VİDEO

Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov və Qazaxıstanın daxili işlər naziri Yerjan Sadenov “Barys Dynamics” qrupuna daxil olan “Kazakhstan Paramount Engineering” (KPE) şirkətinin zavodunu ziyarət ediblər.

“Poliqon” xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Sənayesi Müəssisələri Assosiasiyasının sədri Aybek Barısov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda bildirilib ki, Azərbaycan nümayəndə heyətinə zavodun istehsal imkanları və zirehli texnikanın istehsalından hazır nəqliyyat vasitəsinin sınaqlarına qədər olan proseslər nümayiş etdirilib.

KPE-də keçirilən görüş zamanı tərəflər müdafiə sənayesinin inkişafı, istehsalın lokallaşdırılması, müasir texnologiyaların tətbiqi və Qazaxıstanla Azərbaycan arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Hazırda KPE “Arlan”, “Alan-2”, “Barys 6×6” və “Barys 8×8”, həmçinin “Terrex-Barys-A 8×8” zirehli maşınlarını istehsal edir. Müəssisənin istehsal gücü ildə 500-dək texnika istehsal etməyə imkan verir.

“Kazakhstan Paramount Engineering” şirkətinin zirehli maşınları ballistik və mina mühafizəsi səviyyələri üzrə sertifikasiya sınaqlarından uğurla keçib. Texnika hərbi istismar zamanı, eləcə də Qolan yüksəkliklərində BMT-nin sülhməramlı missiyasında iştirakı zamanı öz effektivliyini nümayiş etdirib.

Back to top button