Azərbaycanın dövlət sərhədini pozan İran vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin qeyri-leqal miqrasiya məqsədi ilə pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DSX-nin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, aprel ayının 12-də həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayonu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.
Aprelin 13-də isə Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran İslam Respublikası vətəndaşı 21.09.1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.
Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.




