
Azərbaycanın “İmprotex Industries” şirkəti mexaniki minatəmizləmə maşını hazırlayıb
Azərbaycanın “İmprotex Industries” şirkəti “Revival P1” indeksli mexaniki piyada əleyhinə minatəmizləmə maşını hazırlayıb.
“Poliqon”un məlumatına görə, “Revival P1” mexaniki minatəmizləmə maşını ilk dəfə 26-29 may tarixlərində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirilib.
“İmprotex Industries” şirkətinin direktor müavini Cavidan Kərimov POLİQON jurnalına verdiyi müsahibəsində “Revival P1” minatəmizləmə maşının piyada əleyhinə minaların mexaniki təmizlənməsini həyata keçiridiyini deyib. Onun sözlərinə görə, “Revival P1” şəhər yerlərində, meşələrdə, kolarda, tarlada və çay sahillərində mina təmizləmək üçün hazırlanıb.
“Uzaqdan idarəetmə funksiyası operatora mina və sursatların partlaması zamanı dağıdıcı partlayış zərbəsi və zədə yetirə biləcək qurğuların yayılma əhatəsindən kənarda qalmağa imkan verir. Texnikanın istehsalında istifadə olunan xüsusi zirehli metal minatəmizləmə zamanı “Revival P1”in mühərrik, digər hidravlik və elektron komponetlərini qoruyur. “Revival P1”in dizaynında ballistik parametrlər də nəzərə alınıb. Texnika -20°C ilə +54°C temperatur intervalında işləyir və 0°C ilə +55°C temperatur diapazonunda mina təmizləmə əməliyyatlarını yerinə yetirə bilir”, – deyə direktor müavini vurğulayıb.
C.Kərimov bildirib ki, “Revival P1”in istehsalında xarici təcrübə nəzərə alınıb: maşının korpusunun, ön flayerin, elektrik, elektron və bütün mexaniki qurğularının istehsalı “İmprotex Industries” şirkətinin mütəxəssisləri tərəfindən həyata keçirilir. Sistemin uzaqdan idarə edilməsi istehkamçının işini xeyli asanlaşdırır. “Revival P1” insan həyatı üçün təhlükə yarada biləcək vəzifələri yerinə yetirməyə imkan verir.
Həmçinin mina aşkarlama, özünümüdafiə sistemləri, yaralıların təhlükə zonasından çıxarılması kimi bir çox funksiya ilə təchiz oluna bilər. Eyni zamanda, “Revival P1” minaların erkən aşkarlanması və onların sonrakı məhv edilməsi üçün minatəmizləmə bölməsi ilə birlikdə istifadə oluna bilər. Sistemin üzərindəki xüsusi sensorlar aşkarlanan koordinatları mərkəzi sistemə ötürməklə ərazinin xəritəsində təhlükəli nöqtələri avtomatik qeyd etmək qabiliyyətinə malikdir”.
C.Kərimovun sözlərinə görə, Revival P1” minatəmizləmə sistemi tank əleyhinə mina partlamasına tab gətirə bilsə də, tank əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulmayıb. Direktor müavini bildirib ki, Revival P1” mexaniki piyada əleyhinə minatəmizləmə maşını zavod sınaqlarını uğurla tamamlayıb. Yaxın günlərdə “İmprotex Industries” mütəxəssisləri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları ilə birlikdə “Revival P1”in partlayış sınaqlarını da keçirəcəklər.
“Revival P1” layihəsində nəzərdə tutulmuş minatəmizləmə göstəriciləri:
- Təmizləmə sahəsinin eni – 1890 mm
- Təmizləmə dərinliyi – 300 mm
- Minatəmizləmə qabiliyyəti – 2500 kvadrat m/saaat qədər
- İşləmə sürəti – 0.5-1.5 km/s
- Partlayışa davamlılığı – 8 kq (TNT) qədər
- Bitki örtüyü təmizləmə qabiliyyəti – 100 mm
- İşləmə temperaturunun intervalı – 20 dərəcə C
“Revival P1” texniki göstəriciləri:
Ölçüləri:
- Gövdənin uzunluğu – 5000-5300 mm
- Gövdənin eni – 1690 mm
- Hündürlüyü – 2080 mm
- Təmizlənmə qurğusunun eni – 2200 mm
- Tam kütləsi – 6500 kq
Hərəkət göstəriciləri:
- Maksimal hərəkət sürəti – 5 km/saat
- Uzununa dırmanma dərəcəsi – 35°
- Eninə dırmanma dərəcəsi – 30°
- Suya dalma dərinliyi – 500
- Uzaqdan idarəetmə məsafəsi – 2000 m-ə qədər
- İdarəetmə panelin bir cərəyanda işləmə müddəti – 16 saat
- İdarəetmə panelin ekranı – 6″
- 360° kamera sistemi üçün 10.1″ HD ekran
- 360° dərəcə videogörüntü təmin edən 4 ədəd partlayış dalğasına davamlı kameraları:
– üç ədəd 120° kamera
– bir ədəd 80x yaxınlaşdıran kamera
“Revival P1”in əsas komponetləri:
- 190 kW/259 “a.g.John Deere” mühərriki
- Yanacaq çəni 88 litr
- Yüksək həcmli radiator
- 80x zoom partlayışa davamlı 360 dərəcə kamera
- İki ədəd yan və bir ədəd arxa kamera
- Havalandırma sisteminin çıxışı
- “Flair” qurğu 2200 mm
- Elektron idarəetmə bloku (ECU)