AerokosmikXəbərlər

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Türkiyənin Antalya şəhərində keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresində 80 nəfər tələbə, gənc mütəxəssis, tədqiqatçı və alimlərdən ibarət Milli Elmi Komanda elmi sessiyalarda fəal iştirak edib.

Azərkosmosdan “Poliqon”a verilən məlumata görə, bu il “Dünyanın daha çox kosmosa ehtiyacı var” mövzusuna həsr olunmuş beynəlxalq tədbirdə azərbaycanlı gənclər kosmik elmlər, kosmik tədqiqatlar, Günəş sisteminin insan tərəfindən tədqiqi, Yerin məsafədən müşahidəsi, kosmik rabitə və naviqasiya, kosmik uçuşlar, kosmik materiallar və konstruksiyalar, kosmosun gələcəyinə dair baxışlar və strategiyalar, kosmik uçuşlarının təhlükəsizliyi, kosmik təhsil və maarifləndirmə, eləcə də kosmik fəaliyyətlərin təhlükəsizliyi, sabitliyi və davamlılığı kimi mövzular üzrə elmi çıxışlar ediblər.

Gənc tədqiqatçılar öz elmi araşdırmalarını təqdim etməklə yanaşı, beynəlxalq elmi ictimaiyyətlə fikir mübadiləsi aparıb, kosmosun gələcəyi ilə bağlı çağırış və imkanları müzakirə ediblər.

Antalya Konqresinə Azərbaycandan ümumilikdə 814 elmi məqalə təqdim olunub, ötən il ilə müqayisədə 28 faiz artım müşahidə olunub (ötən il 632), bu da ölkəmizin bu sahədə artan elmi potensialını nümayiş etdirir.

Milli Elmi Komandanın bu konqresdə iştirakı Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, SABAH qrupları, Gənclər və İdman Nazirliyi, Milli Aviasiya Akademiyası, Azərbaycan Dəmir Yolları, Azərbaycan Hava Yolları və Paşa Holding-in dəstəyi ilə mümkün olub.

Azərbaycanlı gənclərin bu iri miqyaslı beynəlxalq tədbirdə iştirakı ölkəmizin kosmik sahədə yüksələn elmi potensialının, gənc nəslin bu sahəyə olan marağının və ölkəmizin beynəlxalq elmi arenada layiqincə təmsil olunduğunun göstəricisidir.

WhatsApp Image 2026 10 07 at 16.59.25

Back to top button