“Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılır

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi yaradılır

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti yaradılır.

“Poliqon” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-ni yaradılmasında məqsəd ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsi, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunması, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılması, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsi, vahid prinsiplər əsasında idarə olunmasıdır.

Fərmana əsasən, QSC silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Müşahidə Şurası yaradılacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirəcək.

Fərmanla Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi Cəmiyyətin tabeliyinə verilir.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə

  • Cəmiyyətin yenidən təşkili və ləğvi
  • Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının yaradılması

Nazirlər Kabinetinə

  • Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi
  • Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Müşahidə Şurasının rəhbərinin və üzvlərinin, habelə icra orqanının rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi
  • Cəmiyyətin işçilərinin say həddinin və strukturunun müəyyən edilməsi

Müdafiə Sənayesi Nazirliyinə

  • Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi
  • Cəmiyyətin törəmə və asılı cəmiyyətlərinin yaradılmasına razılıq verilməsi
  • Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi

Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətlərinə aşağıdakılar aiddir:

  • Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək
  • Cəmiyyətin əməkhaqqı sistemini müəyyən etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək
  • Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək
  • Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək

Nazirlər Kabineti iki ay müddətində Cəmiyyətin yaradılması ilə əlaqədar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Cəmiyyətin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, Cəmiyyətin işçilərinin say həddini və strukturunu müəyyən etməli, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin, onun strukturuna daxil olan qurumların və tabeliyində olan hüquqi şəxslərin balansında olan və Cəmiyyətin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Cəmiyyətin balansına verilməsi ilə bağlı beş ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

CATEGORIES
TAGS