Azərbaycan Ələt və Mingəçevirdə melanjın utilizasiyasını bu il tam başa çatdırır

Bu il ərzində Müdafiə Nazirliyinin Ələtdə və Mingəçevirdə yerləşən hərbi hissələrində “Melanj” layihəsindən sonra qalan tullantıların, melanjla təmasda olan avadanlıqların zərərsizləşdirilməsi və utilizasiyası tam başa çatdırılacaq.
Bu barədə “AzeriDefence”yə eksklüziv olaraq Nazirlər Kabinetindən məlumat verilib.

Hökumətdən verilən məlumata görə, NATO-nun maliyyə dəstəyi ilə Azərbaycanda keçmiş SSRİ-nin Silahlı Qüvvələrindən qalan raket yanacağının oksidləşdirici komponentlərinin “Melanj” layihəsi çərçivəsində utilizasiyası ilə bağlı işlərə 2006-cı ildə başlanıb. Bu çərçivədə Müdafiə Nazirliyinin Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində və Mingəçevir şəhərindəki hərbi hissələrində melanjın (raket yanacağının) utilizasiyası həyata keçirilib.

Layihə üzrə Ələt qəsəbəsində melanjla təmasda olan avadanlıqların utilizasiyasının başa çatdırılması üçün ötən ilin sonlarında Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına 235 220 manat, Mingəçevirdə yerləşən hərbi hissədə isə utilizasiya işləri üçün bu ilin dövlət büdcəsindən 150 751 manat məbləğində vəsait ayrılıb.

Qeyd edək ki, melanj keçmiş SSRİ Silahlı Qüvvələri tərəfindən qısa və orta mənzilli raketləri yanacaqla təmin edən 2 maddədən biri kimi istifadə olunan yüksək toksik maddədir. Sovet ordusunun Azərbaycandakı hərbi bazalarında 1400 ton melanj yanacağı qalıb. NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı tərəfindən layihənin həyata keçirilməsinə 2.2 milyon avro vəsait ayrılıb. 2007-ci ilin noyabrınadək Ələtdəki hərbi hissədə 950 ton, 2008-ci ilin mayınadək Mingəçevirdə 350 ton melanjın zərərsizləşdirilməsi başa çatdırılıb.

KATEQORIYA: