Azərbaycan prezidenti Naxçıvanda hərbi hissələrə baş çəkib – FOTOLENT

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində bir sıra hərbi obyektlərdə olub. “AzeriDefence”nin prezidentin saytına istinadən verdiyi məlumata görə, əvvəlcə prezident Müdafiə Nazirliyinin Kəngərli rayonunda yerləşən
hərbi hissəsində qərargah binasının açılışında iştirak edib. Hərbi hissəyə gələn Ali Baş Komandana Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev raport verib. Hərbi hissənin ərazisi ilə tanış olan Ali Baş Komandana məlumat verilib ki, qərargahın üçmərtəbəli yeni binası bütün lazımi avadanlıqla təchiz olunub. Şəxsi heyətin hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib.

Qərargahın birinci mərtəbəsinin foyesində hərbi hissənin döyüş bayrağı mühafizə olunur. Burada hərbi hissənin zabit heyəti üçün iş otaqları və istirahət guşəsi yaradılıb. Hərbi hissənin zabit heyəti üçün təlim sinifləri də fəaliyyət göstərir. Bu siniflərdə taktiki və planlaşdırma proqramları, döyüş əmrlərinin icrası ilə bağlı təlimlər keçirilir. Sonra dövlət başçısı hərbi hissənin əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub.

Sonra prezident İlham Əliyev hərbi hissənin həyətində nümayiş olunan silah-sursat və hərbi texnikaya baxıb.

Daha sonra dövlət başçısı əsgər yeməkxanasında yaradılan şəraitlə tanış olub.

Prezident səfər çərçivəsində həmçinin Culfa sərhəd komendantlığında və sərhəd zastavasında aparılan yenidənqurma işləri ilə tanış olub. Sərhəd komendantlığına gələn Ali Baç Komandana Naxçıvan Sərhəd Diviziyasının rəisi, general-mayor Asəf Quliyev raport verib.

Dövlət başçısı Culfa sərhəd komendantlığı və zastava kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Prezidentə məlumat verilib ki, sərhəd komendantlığı dörd binadan – qərargah, yardımçı, texniki və yaşayış binalarından ibarətdir. İkimərtəbəli qərargah binasında komendantlığın fəaliyyəti üçün hər cür şərait var. Burada müxtəlif sinif otaqları yaradılıb, əyani vəsaitlərlə təchiz olunub.

Azərbaycan Prezidenti əsgər yataqxanasında yaradılmış şəraitlə də tanış olub. Bildirilib ki, şəxsi heyətin istirahətinin və asudə vaxtının yüksək səviyyədə təşkil olunması üçün yataqxanada bütün tələblər nəzərə alınıb. Bundan əlavə, ərazidə hamamxana, ərzaq məhsulları anbarı və xüsusi geyim əşyaları üçün otaq da yaradılıb.

Qeyd edilib ki, Ali Baş Komandanın diqqət və qayğısı ilə əhatə olunan Dövlət Sərhəd Xidməti şəxsi heyətinin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. Bu, Culfa sərhəd zastavasının da fəaliyyətində hiss olunur. Zastavanın ərazisində zabit ailələri üçün iki yaşayış binası tikilib. Binalardan biri üçmərtəbəlidir və binada 18 mənzil var. Mebel və digər zəruri məişət avadanlığı ilə təchiz olunmuş mənzillərdən altısı üçotaqlı, altısı ikiotaqlı, altısı isə birotaqlıdır. Digər yaşayış binası isə ikimərtəbəli və səkkiz mənzillidir.

Ərazi ilə yaxından tanış olan dövlət başçısının diqqətinə çatdırılıb ki, sərhəd komendantlığının və zastavanın maddi-texniki təchizatı yüksək səviyyədədir.

Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib və şəxsi heyətə uğurlar arzulayıb.

KATEQORIYA: