Azərbaycan snayperi: “Biz hərəkətə keçsək Ermənistanın hər kəndinə, hər şəhərinə gündə tabutlar gedəcək”
Cəbhə xəttində ermənilərə günlərini, saat və dəqiqələrini saymağa vadar etdirən Azərbaycan snayperləri barədə nələri bilirik? Təbii ki, çox az məlumatlarımız var. Bəzən düşmən gülləsinə tuş gələn hərbçilərimizin halına ağlayanda əsassız olaraq çoxlarımız “bəs niyə biz qisas almırıq?”, -fikrini səsləndiririk. Əslində isə heç nə düşündüyümüz kimi deyil.
Müharibələr, eləcə də daxili təhlükəsizlik əməliyyatlarında snayperlərin özünəməxsus yeri və çəkisi var. Məsafədən, bir atışla düşmənin məhv edilməsi, əsas idarəedici şəxslərin, zəruri vasitələrin sıradan çıxarılması və s. kimi çoxsaylı vəzifələrin icrası onların çəkisini daha da artırır.
Digər ölkələrdə olduğu kimi Azərbaycan Silahlı Qüvvələrində də snayperlərin hazırlanmasına böyük diqqət yetirilir. Azərbaycan Ordusunun snayperləri hazırda həm peşəkarlıq səviyyəsinə, həm də texniki təchizatına görə, Cənubi Qafqaz və MDB-də ön yerlərdə dayanır. Qafqazda ilk dəfə Azərbaycan Silahlı Qüvvələrinin tərkibində müstəqil snayper bölükləri yaradılıb. Ayrıca snayper kurslarının açılıb və bu sahədə mütəxəssislərinin hazırlanmasına başlanıb.
Hazırda Azərbaycanda snayperlik bir peşəyə çevrilib demək olar. Snayperlərin hazırlığı həm Silahlı Qüvvələrdə, gənc əsgərlər və gizirlər arasında, həm də çağırışa qədərki dövrdə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) tərəfindən açılmış xüsusi kurslarda aparılır. 2011-ci ildə snayper kurslarını açan KHVTİC bu günədək 400-dən artıq snayper hazırlayıb.
Azərbaycan snayperləri əməliyyat şəraitinə uyğun olaraq müxtəlif silahlardan istifadə edirlər. Bu silahların arasında Rusiya istehsalı olan SVD, OSV, yerli istehsal olan 12.7 və 14.5 mm çaplı “İstiqlal” adlı antimaterial snayper tüfəngi, Türkiyə istehsalı olan JNG-90 “Bora”, İsveçrə istehsalı olan OM Nemesis, Serbiya istehsalı olan M93 “Black Arrow” , “Remington” və s.kimi snayper tüfəngləri xüsusi yer tutur. Bundan başqa, Azərbaycan snayperləri qarşı tərəfin snayperlərinin yerini müəyyənləşdirmək üçün “Bumerang” adlı xüsusi sistemlə təmin olunub. ABŞ istehsalı olan bu sistem MDB məkanında yalnız Azərbaycandadır. Belə ki, bu sistem qarşı tərəfin snayperinin açdığı atəş əsasında onun yerini müəyyənləşdirməyə imkan verir.
Cəbhə xəttində müqavilə əsasında snayper kimi çalışan S.Ə snayperlərin hazırlığının uzun müddət tələb etdiyini, snayperin cəbhədə tankçı və ya artilleriyaçı kimi böyük önəm kəsb etdiyini deyir.
Sovet dönəmində Əfqanıstanda döyüşlərdə iştirak etmiş müsahibimiz birinci Qarabağ müharibəsi zamanı özünün doğulduğu Füzuli rayonunda döyüşüb. Sərhəd Qoşunlarında xidmətini davam etdirdikdən sonra buradan təqaüdə çıxıb. 2006-cı ildən etibarən Silahlı Qüvvələrdə snayper olaraq çalışır. Bəzən qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün günlərlə eyni ərazidə ovunu gözləyir.
S. Ə-ın sözlərinə görə, snayperin hazırlığı xüsusi diqqət altında aparılır. Hazırda onun özü də gənc snayperlərin hazırlanmasında bir mütəxəssis olaraq iştirak edir və sənətin sirlərini öyrədir.
Müsahibimiz deyir ki, Azərbaycan snayperləri bu gün ermənilərlə müqayisədə qat-qat peşəkardır. Eyni zamanda müxtəlif silahlardan sərbəst istifadə etməyi bacarırlar.
“Mənim üçün bu artıq bir peşədir. Ovçu ovunu vuranda necə həzz alırsa, mən də hədəfimi məhv edəndə o hissi keçirirəm”, – deyən müsahibimiz xidmət müddətində vurduğu düşmən hərbçilərin sayını artıq unutduğunu, amma çox olduğunu söyləyir.
“Bir snayper olaraq bizim üçün əsas ov ermənilərin zabit, gizir, serjant heyəti sayılır. Sıravi əsgərə adi halda güllə atmağın adı yoxdur. Çünki o, gəlir və demək olar ki heç nə öyrənmədən çıxıb gedir. Amma bir zabitin hazırlanmasına dövlət xərc çəkir. Zabitin və ya serjantın öldürülməsi eyni zamanda bir taqımı başsız qoymaqdır. Amma bəzən qarşı tərəfin əsgəri də çox baş ağrıdır. Təbii ki, onda başqa qərar verməli olursan”, – deyə müsahibimiz vurğulayıb.
Onun sözlərinə görə, ermənilər Azərbaycan istehsalı olan «İstiqlal» snayperindən çox ehtiyatlanırlar. Bir dəfə İstiqlal ilə bizim uşaqlar ermənilərin bir su maşınını vurdular. Maşını aşırdı. Bu silah çox güclüdür. Hətta BTR-ləri belə vurmaq mümkündür.
Azərbaycan snayperi Ermənistan Ordusunun silahlanmasında olan Ermənistan müəssisələrində istehsal edilmiş K-11 snayper tüfəngi ilə də tanış olduğunu deyir: “Bizim uşaqlar erməni postundan K-11 adlı snayper tüfəngini gətirmişdilər. Əslində bu snayperdən daha çox üzərinə optik nişangah bərkidilmiş və əllə tək-tək doldurulan 5.45×39 mm çaplı RPK-dan başqa bir şey deyil. Dəqiqliyi də çox zəifdir. Əgər bu silah effektiv olsaydı ermənilər onun istehsalını dayandırmazdılar”.
Snayper son illərdə istifadə etdiyi silahlar arasında Türkiyə istehsalı olan JNG-90 «Bora» snayper tüfəngindən məmnulğunu ifadə edir. Onun sözlərinə görə, JNG uzaq məsafədən düşmən hədəflərini daha sərrast vurmağa imkan verir.
Azərbaycan snayperi cəbhədə atəşkəsi pozmağa cəhd göstərən düşmənin bütün təxribat cəhdlərinin qarşısının onların həyatı bahasına alınacağını da deyir: “Ermənistan ictimaiyyəti indiyədək bizim cəmi 10 faiz fəaliyyətimizin nəticəsini hiss edib. Onlar unutmamalıdırlar ki, biz hələ döyüşə girməmişik. Bizim snayper qrupları hərəkətə başlasa, hər gün Ermənistanın hər kəndinə, hər şəhərinə tabutlar gedəcək”.