Azərbaycan sərhədçilərinin silahlanmasında Türk maşınları – FOTO
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Türkiyənin “Otokar” şirkətindən aldığı “Cobra”, ZPT və “Land Rover Defender” tipli hərbi nəqliyyat vasitəsi aprelin 19-da rəsmən Sərhəd Qoşunlarının döyüş sıralarına daxil edilib.“AzeriDefence”nin məlumatına görə, döyüş texnikaları müxtəlif hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir və ən müasir silahlarla təchiz olunub.
Yüksək performansı ilə seçilən 4×4 təkər formuluna malik “Cobra” 9 nəfər heyəti daşımaq imkanına malikdir. 110 km/saat sürətlə hərəkət edən “Cobra” birbaşa 752 km məsafə qət edə bilir. V gövdəyə malik olması sayəsində döyüş maşını heyəti mina partlayışlarından qoruya bilir.
“Cobra” tipli maşınlar DŞK tipli 12.7 mm-lik ağır pulemyot, 7.62 mm-lik yüngül pulemyot və “Skif” tipli tank əleyhinə idarə olunan raketlərlə silahlandırılıb.
Şəxsi heyətin, çevik qüvvələrin çətin relyefli ərazilərə daşınması üçün nəzərdə tutulan yüksək manevr imkanlarına malik “Land Rover Defender” tipli döyüş maşınları isə yüngül atıcı silahlarla silahlandırılıb.