AzTU-da TEKNOFEST-2024 ilə bağlı infosessiya keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) TEKNOFEST-2024 ilə bağlı infosessiya keçirilib.
Bu barədə “Poliqon”a Azərbaycan Texniki Universitetinin Mətbuat Xidmətindən məlumat verilib.
İnfosessiyada çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev 2018-ci ildən etibarən keçirilən TEKNOFEST – Aerokosmik və Texnologiya Festivalının əhəmiyyətindən danışıb. Bildirib ki, bu festival gənc tədqiqatçılar və tələbələrin özlərini sınaması üçün əhəmiyyətli platformadır. Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Baykar” şirkətinin texnoloji lideri Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə keçirilən festivala 2022-ci ildə Azərbaycan ev sahibliyi edib. Bu həm Azərbaycanla Türkiyənin qardaşlıq və dostluq əlaqələrinin ən yüksək səviyyədə olduğunun növbəti mesajı, eyni zamanda TEKNOFEST-in əhatə dairəsinin daha da genişlənməsinin göstəricisi idi. Rektor qeyd edib ki, hər il keçirilən festivalda AzTU tələbələri də iştirak edir və yeni təcrübələr qazanırlar.
Daha sonra TEKNOFEST-in baş katibi Muhammet Saymaz festivalla bağlı geniş təqdimatla çıxış edib. Bildirib ki, TEKNOFEST-2024 Türkiyənin Adana şəhərində keçiriləcək. “Gələcək Sənsən” şüarı altında təşkil olunan festivalda iştirak üçün qeydiyyat 20 fevrala kimi davam edəcək. Muhammet Saymaz yarışmaya qeydiyyatla bağlı zəruri məlumatları tələbələrin diqqətinə çatdırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.