
Azərbaycan Texniki Universitetinin (AzTU) Xüsusi texnika və texnologiya fakültəsinin tələbələri “Rocket Technology Innovation Competition” (Raket Texnologiyaları üzrə İnnovasiya Müsabiqəsi) müsabiqəsində uğurlu nəticə göstərərək ən yaxşı 7 finalçı sırasında yer alıblar.
AzTU-dan “Poliqon”a verilən məlumata görə, müsabiqə Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan ROKETSAN-ın Azərbaycandakı törəmə müəssisəsi “AZROKSAN” MMC-nin təşkilatçılığı ilə keçirilib.
“İxtiraçılar, biz sizi axtarırıq!” şüarı altında təşkil olunan müsabiqənin əsas məqsədi raket texnologiyaları sahəsində innovativ ideyaları üzə çıxarmaq, gənc ixtiraçıların mühəndislik potensialını dəstəkləmək və onlara texnoloji həllərini nümayiş etdirmək imkanı yaratmaq olub.
Fakültənin İnformasiya təhlükəsizliyi ixtisası üzrə 6425ax qrupunun tələbələri Ramin Abdullayev və Elşən Həmidov müsabiqədə “ORBİTRA – Raket Sistemlərinin Virtual Monitorinq və Kibertəhlükəsizlik Platforması” layihəsini təqdim ediblər. Çoxsaylı layihələr arasında ORBİTRA ən yaxşı 7 layihədən biri seçilib.







