“BAE Systems” şirkəti pilotsuz döyüş təyyarələrinin konsepsiyalarını təqdim edib

“BAE Systems” şirkəti pilotsuz döyüş təyyarələrinin konsepsiyalarını təqdim edib

Böyük Britaniyanın “BAE Systems” şirkəti pilotsuz döyüş təyyarələrinin iki yeni konsepsiyasını təqdim edib.

“Poliqon” “BAE Systems” şirkətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, təyyarələrin hər ikisi kəşfiyyat, zərbə və radioelektron mübarizə tapşırıqları da daxil olmaqla müxtəlif tapşırıqlar üçün təyin edilib və müxtəlif dərəcədə avtonomluğa malikdir.

İki yeni pilotsuz model Birləşmiş Krallıq Hərbi Hava Qüvvələrinin (Royal Air Force – RAF) Fairford aviabazasında keçirilən “Royal International Air Tattoo” (RIAT) aviasalonunda nümayiş etdirilib. Bu yeni pilotsuz döyüş təyyarəsi dizaynlarının hazırda rəsmi adları yoxdur, hələlik “Concept 1” və “Concept 2” adlandırılıblar.

“Yeni pilotsuz aviasiya sistemləri üçün çevik və sərfəli konsepsiyaların inkişafı belə daha çətin mühitlərdə kritik imkanlar təmin edəcək”, – deyə “BAE Systems” şirkətindən bildiriblər.

Sadəcə olaraq “Concept 1” kimi tanınan pilotsuz döyüş təyyarəsi kiçik və universal bir drondur. Bu dronun ümumi quruluşu sferik formalı mərkəzi gövdədən (fyüzelajdan), iki əsas qanaddan və qoşalaşdırılmış şaquli quyruqdan ibarətdir. Quruluşu nəzərə alaraq söyləmək olar ki, bu, gövdənin (fyüzelajın) yuxarı arxa hissəsində yerləşən hava sorucusu olan reaktiv mühərrikli uçuş aparatıdır.

“BAE Systems” şirkəti iddia edir ki, bu pilotsuz döyüş təyyarəsi 9 kilometrə qədər yüksəklikdə və 0,5 Mach-a qədər sürətlə dörd saata yaxın uça bilər. O, elektro-optik və ya infraqırmızı sensorlar, radioelektron mübarizə bloklayıcıları və ya döyüş sursatı daxil olmaqla 40 kq-a qədər faydalı yük daşıya bilməlidir.

“Concept 1” uçuş-enmə zolağından asılı deyil, rels tipli katapultdan atılır və sonra yerə enmək üçün paraşütdən istifadə edir.

Dron tək və ya sürünün bir hissəsi kimi fəaliyyət göstərə biləcək və “BAE Systems” şirkətinin “hədəf əsaslı avtonomluq” adlandırdığı xüsusiyyətə sahib olacaq. Üstəlik, sonuncu qabiliyyət, çox ehtimal ki, birbaşa insanla qarşılıqlı əlaqədə olmadan müəyyən komandaları yerinə yetirmək qabiliyyətini təsvir edir.

“Concept 2” pilotsuz döyüş təyyarəsi “Concept 1” ilə müqayisədə daha uzun və nazik əsas gövdəyə (fyüzelaja) və V formalı quyruğa malikdir.

Bu dron da yuxarıda quraşdırılmış çox nəzərə çarpan hava sorucusu ilə reaktiv mühərrikli uçuş aparatına bənzəyir və ənənəvi təyyarə kimi qalxıb enəcək.

“Concept 2” ən azı zahirən, ABŞ-ın “Lockheed Martin” şirkətinin yaxınlarda nümayiş etdirdiyi TE-CAV döyüş təyyarəsi və “Kratos” şirkətinin XQ-58A “Valkyrie” pilotsuz uçuş aparatı (PUA) da daxil olmaqla, başqa şirkətlərin son illərdə üzərində işlədiyi digər aşağı səviyyəli PUA layihələri ilə bir sıra ümumi xüsusiyyətlərə malikdir.

“BAE Systems” şirkəti bildirir ki, “Concept 2” pilotsuz döyüş təyyarəsinin texniki göstəricilərinə beş saatlıq uçuş, 12 kilometr yüksəkliyə qalxma və ən azı 0,75 Mach sürətə çatma qabiliyyəti daxildir.

Maksimal uçuş çəkisi 3500 kq olan “Concept 2” dronu, elektro-optik və ya infraqırmızı sensorlar və radioelektron mübarizə sistemləri də daxil olmaqla, müxtəlif faydalı yükləri daşıya bilməlidir.

q1

“Concept 1” və “Concept 2” pilotsuz döyüş təyyarələrinin konsepsiyası

q2

“Concept 1” və “Concept 2” pilotsuz döyüş təyyarələrinin konsepsiyası

q3

“Concept 1” pilotsuz döyüş təyyarəsinin konsepsiyası

q4

“Concept 2” pilotsuz döyüş təyyarəsinin konsepsiyası

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS