Bakı Metropolitenin nəzarət-izləmə sistemi MDB ölkələrində maraqla qarşılanır
Artıq bir sıra ölkələrin müvafiq nəqliyyat strukturları Bakı Metropolitenində yaradılan təhlükəsizlik sisteminə maraq göstərməyə başlayıblar. Bakı Metropoliteni stansiyalarla yanaşı vaqonlarında qurulmuş nəzarət-izləmə kameraları vasitəsi ilə MDB məkanında ilk dəfə olaraq yeraltı nəqliyyat vasitəsinin təmin edən qurum olub. Bu barədə “AzeriDefence” saytına Bakı Metropolitenindən məlumat verilib.
Ötən il ilk dəfə olaraq hərəkətdə olan metro vaqonlarının video müşahidəsi təşkil olunub. Türkiyə şirkəti (“Ekin”) tərəfindən həyata keçirilmiş bu layihə dünyada bu sistem üzrə həyata keçirilmiş ən böyük layihələrdən sayılır. Şirkət tərəfindən vaqonlara qurulmuş kameralar və yaradılmış proqram təminatı Mərkəzə real vaxt rejimində vaqonlardakı vəziyyətə nəzarət etmək imkanı verir. Vaqonlara qurulmuş «Sanyo» şirkətinin istehsalı olan bu kameralar vasitəsi ilə insanların üzlərini tanımaq mümkündür. Bu kameralardan əldə olunan görüntülər eyni zamanda arxivləşdirilir.
Artıq bir sıra MDB ölkələrinin müvafiq nəqliyyat strukturları Bakı Metropolitenində yaradılan təhlükəsizlik sisteminə maraq göstərməyə başlayıblar.
Metropolitendən verilən məlumata görə, 2011-ci ildə stansiyalarda video müşahidə qurğularının sayı artırılıb, həmçinin stansiyaların keçidləri və giriş-çıxış hissələrdə əlavə kameralar qurularaq sistemə inteqrasiya olunub. Bayır hissələrdə qurulmuş kameralar termal müşahidə xüsusiyyətlərinə malik olduğu üçün hər cür hava şəraitində müşahidəni təşkil edə bilir.
Qeyd edək ki, “Ekin Technology” şirkəti bundan başqa, Bakı MOBESE sisteminin yaradılması layihəsini icra edib. Şirkət bir sıra Yaxın Şərq və Avropa ölkələrində təhlükəsizlik layihələrində iştirak edir.