Bakıda Aerokosmik Modelçilik Festivalı keçiriləcək

Bakıda Aerokosmik Modelçilik Festivalı keçiriləcək

2024-cü il 12 aprel tarixində Bakı şəhəri Xəzər rayonu Hövsan qəsəbəsində yerləşən Avia-modellərin uçuş meydançasında Aerokosmik Modelçilik Festivalı keçiriləcək.

Bunu “Poliqon”a açıqlamasında Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov deyib.

Ceyhunİctimai Birliyin sədri bildirib ki, festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə yarışların keçirilməsi, aviaşou, raket modellərinin, kvadrokopterlərin və təyyarə modellərinin nümayişi nəzərdə tutulub: “Aerokosmik Modelçilik Festivalı iştirakçılara texniki idman növü kimi aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahəsində biliklərini praktik olaraq təkmilləşdirmək üçün şərait yaradacaq”.

Onun sözlərinə görə, festivalın əsas məqsədi və fəaliyyət istiqaməti, Azərbaycanda raket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin hərtərəfli və ahəngdar inkişafında və sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdan ibarətdir.

“Yüksək texnologiyalara əsaslanan raket və peyk modelçiliyi texniki idman növü təmiz havada intellektual aktivliyi və fiziki fəaliyyəti özündə birləşdirir. Yarışlar həm fərdi, həm də komanda halında olmaqla, uçuşun hündürlüyü və müddəti, eniş dəqiqliyi üzrə keçirilir. Hazır modellərin aidiyyəti yarış səviyyəsi üzrə raketin və ya peykin detallılıq dərəcəsi və uçuşun reallığı qiymətləndirilir”, – deyə Ceyhun Xəlilov vurğulayıb.

O qeyd edib ki, beş komandanın iştirakı ilə baş tutacaq yarış iki turdan ibarət olacaq: “Yarış yeddi kateqoriya – “Streamer S-6A”, “Paraşüt S-3A”, “S-6B, “Raketoplan S-4C”, Eksperimental raket modelləri, FPV dron və təyyarə modelləri üzrə keçiriləcək. Tədbirin sonunda yarışın qalibləri mükafatlandırılacaq. Mükafatlandırmaya uyğun olaraq, 5 nəfər – I yer, 5 nəfər – II yer, 5 nəfər – III yer və 5 nəfər – əlavə nominantlara (təyyarə, helikopter, kvadrakopter uçuş təlimi üzrə) layiq görüləcək”.

C.Xəlilov yarışda iştirak edən uşaqlara nəzəri və praktiki təlimin keçrilməsinə IT INNOVATIONS tədris müəsiəsində start verildiyini bildirib.

 

CATEGORIES
TAGS