Bakıda Aerokosmik Modelçilik Festivalı keçirilib – FOTOLAR

Bakıda Aerokosmik Modelçilik Festivalı keçirilib – FOTOLAR

Bakı şəhərinin Hövsan qəsəbəsində yerləşən Avia-modellərin uçuş meydançasında Aerokosmik Modelçilik Festivalı keçirilib.

“Poliqon” xəbər verir ki, festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə yarışlar keçirilib, aviaşou, raket modellərinin, kvadrokopterlərin və təyyarə modellərinin nümayişi baş tutub.

Festivalın əhəmiyyəti ilə bağlı danışan Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov bildirib ki, festivalın keçirilməsində əsas məqsəd Azərbaycanda raket və peyk modelçiliyi idmanının kütləviləşməsinə və inkişafına kömək etmək, innovativ gənclərin hərtərəfli və ahəngdar inkişafında və sağlam həyat tərzinin formalaşmasında bu texniki idman növünün rolunu artırmaqdır.

Aerokosmik Modelçilik Festivalında qonaq qismində iştirak edən TEKNOFEST İdarə Heyətinin üzvü və TEKNOFEST baş katibi Muhamet Saymaz, Azərbaycanda bu tip festivalların keçirilməsini yüksək qiymətləndirib. O qeyd edib ki, belə tədbirlər uşaqlarda və gənclərdə texnologiyaya marağın daha da artmasına və onların gələcəkdə mütəxəssis kimi yetişməsinə imkan yaradır.

Beş komandanın iştirakı ilə baş tutan yarış iki turdan ibarət olub. Yarış yeddi kateqoriya – “Streamer S-6A”, “Paraşüt S-3A”, “S-6B, “Raketoplan S-4C”, Eksperimental raket modelləri, FPV dron və təyyarə modelləri üzrə keçirilib. Tədbirin sonunda yarışın qalibləri mükafatlandırılıb. Mükafatlandırmaya uyğun olaraq, 5 nəfər – I yer, 5 nəfər – II yer, 5 nəfər – III yer və 5 nəfər – əlavə nominantlara (təyyarə, helikopter, kvadrakopter uçuş təlimi üzrə) layiq görülüb.

CATEGORIES
TAGS