Bakıda itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Bakıda itkin düşmüş şəxslərin taleyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir

Sentyabrın 18-də Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

“Poliqon” AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev beynəlxalq konfransın iştirakçılarını salamlayaraq, tədbirin əhəmiyyətinə toxunub, mövzunun Azərbaycan üçün vacibliyinə diqqət çəkib. Dövlətimizin başçısının əsir və girov götürülmüş, itkin düşmüş şəxslərlə bağlı məsələyə daim xüsusi həssaslıqla yanaşdığını bildirən Komissiya sədri Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi istiqamətində son illərdə görülmüş işlər barədə ətraflı məlumat verib, 2021-ci ilin fevralından başlayaraq, həmin şəxslərə aid olması ehtimal edilən məzar yerlərində aşkarlanan meyit qalıqlarının eyniləşdirilməsinin intensiv şəkildə həyata keçirildiyini deyib. Əli Nağıyev Prezident İlham Əliyevin tapşırığı ilə ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin tərkibində yaradılmış və ən müasir avadanlıqla təchiz edilmiş genetik laboratoriyada meyit qalıqlarının eyniləşdirilməsi imkanlarından söhbət açaraq, Komissiyanın fəaliyyətinə və itkin vətəndaşlarımızın taleyinin müəyyən edilməsi işinə göstərdiyi dəstəyə və diqqətə görə dövlətimizin başçısına dərin minnətdarlığını ifadə edib.

Qeyd olunub ki, son günlər ərzində eyniləşdirilməsi aparılan və ictimaiyyətə açıqlanan 15 nəfərdən başqa, Dövlət Komissiyasının səyləri və görülən təxirəsalınmaz tədbirlərlə konfrans ərəfəsində 1-i mülki şəxs və 9-u hərbçi olmaqla 10 vətəndaşımızın meyit qalıqları eyniləşdirilib. Xidmət rəisi Əli Nağıyev onların sırasından Azərbaycanın Milli Qəhrəmanı, vaxtilə təhlükəsizlik orqanlarının əməkdaşı olmuş, Birinci Qarabağ müharibəsində böyük igidlik və şücaət göstərmiş, 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşmüş Riad Əhmədovun müəyyən edilməsinin ciddi ictimai hadisə olduğunu xüsusi vurğulayıb.

Dövlət Komissiyasının sədri Ermənistanın qeyri-konstruktiv və humanizmə zidd addımlarından əl çəkməklə, dəqiq mina xəritələrini və məzar yerləri barədə məlumatları təqdim edəcəyi təqdirdə taleyi qeyri-müəyyən olan itkin düşmüş vətəndaşlarımızın axtarışı prosesinin daha sürətlə aparıla biləcəyindən də danışıb. Əli Nağıyev rəsmi Yerevanı bu məsələdə əməkdaşlığa səy göstərməyə çağırıb və bildirib ki, Ermənistanın bu humanitar missiyanın həyata keçirilməsində edəcəyi yardım hər iki tərəfdən itkin düşmüş şəxslərin tez bir zamanda müəyyənləşdirilməsinə və xeyli müddətdir davam edən humanitar böhranın aradan qaldırılmasına səbəb olardı.

Bəzi erməni ideoloqların azərbaycanlılarla ermənilərin birgə yaşamasının qeyri-mümkünlüyünə dair fikirlərinə də münasibət bildirən Komissiya sədri monoetnik Ermənistandan fərqli olaraq çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda bütün xalqların nümayəndələri ilə yanaşı, ermənilərin də daim sülh və rifah içində yaşadıqlarını nəzərə çatdırıb, ölkəmizin erməni əhalisini azərbaycanlılarla birgəyaşayış mühitini formalaşdırmağa dəvət edib.

Əli Nağıyev beynəlxalq konfransın itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsinə mühüm töhfə verəcəyinə ümidvar olduğunu söyləyib, tədbirdə iştirak edən müvafiq sahə üzrə ixtisaslaşmış alim və mütəxəssislərə bilik və təcrübələrini bölüşdükləri üçün minnətdarlığını çatdırıb. O, gələcəkdə görüləcək işlər sayəsində itkin düşmüş digər vətəndaşlarımızın da taleyinə tezliklə aydınlıq gələcəyinə, bu işdə Dövlət Komissiyasının beynəlxalq humanitar təşkilatlarla birgə fəaliyyətinin daha nəticəyönümlü olacağına inandığını, itkinlərin tapılması məqsədilə qarşıya qoyulmuş vəzifələrin bundan sonra da bütün mümkün imkanlar səfərbər olunmaqla lazımi səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirib.

Sonra konfrans sözügedən sahədə əldə olunan nailiyyətlər və həllini gözləyən problemlər, itkin düşmüş şəxslərlə bağlı mövcud beynəlxalq çərçivə və silahlı münaqişə tərəfləri olan dövlətlərin qarşılıqlı əlaqələrinin gücləndirilməsi vasitələri, itkin düşmüş şəxslərə aid meyit qalıqlarının yerlərinin müəyyənləşdirilməsində müasir texnologiyaların tətbiqi, ölkələrarası təcrübə mübadiləsi, hökumətlərlə itkin düşmüş şəxslərin ailələri arasında əməkdaşlıq mövzularında panel müzakirələr və çıxışlarla davam edib.

CATEGORIES