Xəbərlər

Baltikyanı ölkələr uzun mənzilli YARS almağa hazırlaşır

Baltikyanı ölkələr – Latviya, Litva və Estoniya – birlikdə uzun mənzilli yaylım atəşli reaktiv sistem (YARS) almağa hazırlaşırlar.

“Poliqon” xəbər verir ki, bu barədə Litva Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mayın 21-də, Baltikyanı ölkələrin Müdafiə Nazirləri bölgədəki hava hücumundan müdafiə məsələlərini və gələcəkdə YARS alınmasında mümkün əməkdaşlığı müzakirə ediblər.

Litvaya səfəri zamanı Latviya və Estoniyanın Müdafiə Nazirliklərinin nümayəndələri Şaulyay aviabazasını və hava hücumundan müdafiə divizionunu ziyarət ediblər. Burada nümayəndələrə Litva Silahlı Qüvvələri tərəfindən alınmış NASAMS orta mənzilli hava hücumundan müdafiə sistemi nümayiş etdirilib.

Litvanın Milli Müdafiə naziri Arvidas Anushauskas, Estoniyanın Müdafiə naziri Kaale Laanet və Latviyanın Müdafiə naziri Artis Pabriks arasında keçirilən görüşdə bölgədəki hava hücumundan müdafiə məsələləri və gələcəkdə uzun mənzilli YARS alınması barədə Baltikyanı ölkələr arasında mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüş zamanı “Bu, Baltikyanı ölkələrin ortaq regional imkanlarının inkişafı üçün yeni uzunmüddətli bir layihə ola bilər”, – deyərək Litva Respublikasının Milli Müdafiə naziri Arvidas Anuşauskas bildirib.

Həmçinin, görüşdə bu layihənin qiymətləndirmə mərhələsində olduğu da vurğulanıb.

Daha əvvəl isə üç Baltikyanı ölkədə – Estoniya, Latviya və Finlandiya da zirehli texnikaların birgə alışı barədə razılığa gəlinib. Sözügedən ölkələr arasında müqavilə 2019-cu ilin sonunda bu ölkələrin müdafiə nazirliklərinin nümayəndələri tərəfindən imzalanıb. Sənədə əsasən, Estoniya, Latviya və Finlandiya orduları üçün zirehli maşınların alınması ilə bağlı məsləhətləşmələr yaxın vaxtlarda başlayacaq. Əməkdaşlığın məqsədi hər üç ölkənin qoşunların hərəkətliliyini artırmaq üçün optimal həll yolunun tapmasıdır.

2020-ci ilin yanvar ayında Finlandiya və Latviya Müdafiə Nazirlikləri, orduların hərəkətliliyini artırmaqdan ötrü zirehli maşınların inkişafı məqsədi ilə “Patria” 6×6 təkər formullu platformanın seçildiyi ortaq proqram barədə razılığa gəliblər.

Proqram iki ölkənin orduları üçün zirehli təkərli nəqliyyat vasitələrinin birgə sisteminin inkişaf etdirilməsini nəzərdə tutur. Bu proqram Finlandiya və Latviyanın qarşılıqlı razılığı ilə digər ölkələr üçün də açıqdır.

Patria 6×6 zirehli transportyoru Finlandiyanın “Patria” şirkətinin digər iki layihəsi olan Patria XA-360 və Patria AMV (Armored Modular Vehicle) modellərinin konstruksiyasının birləşdirilmiş bazasında yaradılmışdır.

Əhəd Əzizov

Poliqon.az

Back to top button