Baş Qərargah rəisi Azərbaycan Ordusunun müasir silah və texnika ilə təchizatından danışıb
Azərbaycan Ordusunun 2022-ci il ərzində müxtəlif növ hərbi təlimlər və döyüş hazırlığı məşğələlərinin keçirilməsi ilə qoşunların döyüş qabiliyyəti daha da artırılıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib.
“Poliqon” xəbər verir ki, bunu Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.
İclasda müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Ali Baş Komandanın tapşırığına əsasən cari ildə ordu quruculuğu sahəsində aparılan islahatlar, qoşunların imkan və qabiliyyətlərinin artırılması, əməliyyat və döyüş hazırlığı, müasir silah və texnika ilə təchizatı, mühəndis və kəşfiyyat xidmətləri, peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və digər sahələrdə əldə edilən nailiyyətlər barədə məruzə ilə çıxış edib.
Azad edilmiş ərazilərdə aparılan mühəndis tədbirləri nəticəsində yeni yolların çəkilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.