Müdafiə

Belarus Daxili Qoşunlarının qərargah rəisi Azərbaycana səfərə gəlib

Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanının 1-ci müavini – qərargah rəisi polkovnik Matkin Oleq Vladimiroviçin rəhbərlik etdiyi nümayəndə heyətinin oktyabrın 4-dən Azərbaycana rəsmi səfəri başlayıb.

Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Daxili Qoşunların Baş İdarəsində polkovnik Oleq Matkini daxili işlər nazirinin müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov qəbul edib.

Görüş zamanı general-leytenant Ş.Məmmədov Azərbaycan DİN-nin Daxili Qoşunları ilə Belarus DİN-nin Daxili Qoşunları arasında genişlənməkdə olan əlaqələrin iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük töhfələr verdiyini qeyd edib.

Polkovnik Oleq Matkin Azərbaycana rəsmi səfərindən məmnunluq duyduğunu, iki qurum arasındakı mövcud olan münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.

Səmimi şəraitdə baş tutan görüşdə qarşılıqlı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

Sonra, Daxili Qoşunların yaranma tarixi, strukturu, normativ-hüquqi bazası, təlim-tədrisin, təchizatın vəziyyəti və beynəlxalq əlaqələri barədə geniş məzmunlu brifinq verilib.

Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində tədrisin təşkili və maddi-texniki tədris bazası, kursantlar üçün yaradılmış hərtərəfli şəraitlə maraqlanıb, Daxili Qoşunlarının hərbi hissəsi ilə də tanış olublar.

Back to top button