Belarus Ordusu Ukraynanı atəşə tutmaq üçün istifadə edilən “İsgəndər” komplekslərini təhvil alıb – ARAŞDIRMA

Belarus Ordusu Ukraynanı atəşə tutmaq üçün istifadə edilən “İsgəndər” komplekslərini təhvil alıb – ARAŞDIRMA

Belarus Ordusu Ukraynanı atəşə tutmaq üçün istifadə edilən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərini (ƏTRK) təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu Belarus Müdafiə Nazirliyinin 9K720 “İsgəndər” ƏTRK ilə silahlandırılmış raket bölməsinin “döyüş hazırlığı tədbirləri çərçivəsində” təyin olunmuş rayona hərəkət etməsi ilə bağlı yayımladığı videoda öz əksini tapıb.

Videoda 9K720 “İsgəndər” ƏTRK buraxma qurğularının kabinasının bir hissəsinin bulanıq olması diqqət çəkib. Maraqlıdır, nazirlik bu yolla nəyi gizlətməyə çalışıb?

Bu sualı aydınlaşdırmaqdan ötrü bir az geriyə qayıtmaq lazımdır. 2023-cü il fevralın 4-də rusiyalı “təbliğatçı” Vladimir Solovyovun Belarusa səfərə gəldiyi məlum olub. O, bir çox hərbiçilərlə, o cümlədən Belarus Silahlı Qüvvələrinin 9K720 “İsgəndər” ƏTRK-nin heyətləri ilə söhbət edib. V.Solovyovun Telegram kanalında səfərin yekunlarına dair yayımlanan fotolar arasında 9K720 “İsgəndər” ƏTRK-nin buraxma qurğusunun fotosu da yer alıb. Onun üzərində 14 qırmızı rəngli ulduz görünür. Adətən belə bir ulduz kompleksdən bir döyüş atışına uyğun gəlir.

Daha sonra Vladimir Solovyovun özü “Bazar axşamı” (“Voskresnıy veçer”) proqramında ulduzların mənşəyinin təbiətini təsdiqləyib. Ulduzlar döyüş atışlarının sayını ifadə edir və texnikanın üzərinə Rusiya hərbçiləri tərəfindən çəkilib.

Bu fakt onu deyir ki, Belarus Silahlı Qüvvələrinə yeni yox, daha əvvəl Rusiya Silahlı Qüvvələri tərəfindən istifadə edilmiş 9K720 “İsgəndər” kompleksləri verilib. Həmçinin, istisna etmək olmaz ki, Belarusa təhvil verilmiş komplekslər təlimlərdə istifadə ilə yanaşı Ukrayna ərazisinə raket zərbələri endirmək üçün də istifadə olunub. Bunu nəzərə alaraq, Belarus Müdafiə Nazirliyinin 9K720 “İsgəndər” ƏTRK buraxma qurğularının kabinalarında “ulduzları” gizlətmək istəyi izah oluna bilər.

Bu gün Belarus Müdafiə Nazirliyi qırmızı ulduzların, bort və qeydiyyat nömrələrinin göründüyü “İskəndər” ƏTRK buraxma qurğusunun bulanıq effektləri olmayan fotosunu dərc edib. Buraxma qurğusu Belarus Silahlı Qüvvələrinin 105 illiyinə həsr olunmuş hərbi texnikanın nümayişi zamanı təqdim edilib. Maşının kabinasında 14 qırmızı ulduz görünür.

Qeyd edək ki, bundan əvvəl də Belarus hərbçiləri artıq kabinalarının üzərində qırmızı ulduzlar çəkilmiş 9K720 “İsgəndər” ƏTRK buraxma qurğuları ilə video yayımlayıblar. Həmçinin, İnternet şəbəkəsində maşınlardan birinin raket buraxılışlarının sayını simvolizə edən ulduzlarla rəngləndiyi aydın görünən fotoşəkli yayımlanıb.

Xatırladaq ki, bu yaxınlarda Belarus hərbçiləri 9K720 “İsgəndər” ƏTRK-ni müstəqil şəkildə idarə etməyə başlayıblar. Bundan əvvəl onlar Rusiyada təlim keçiblər.

9K720 “İskəndər” Rusiya “İskəndər”, “İskəndər-M” “M – modernizirovannıy), “İskəndər-K” (K – krılatıy) və “İskəndər-E” (E -eksportnıy) əməliyyat-taktiki raket komplekslərindən ibarət ailədir.

Moskva vilayətinin Kolomna şəhərində “Maşınqayırma Konstruktor Bürosu” (Konstruktorskoye byuro maşinostroyeniya – KBM) Elmi-İstehsalat Korporasiyası tərəfindən hazırlanıb.

“İsgəndər” raket komplekslərinin əsas təyinatı düşmənin hava hücumundan müdafiə (HHM) və raket əleyhinə müdafiə (RƏM) sistemlərini, habelə onların himayə etdiyi mühüm obyektləri 500 km-ə qədər məsafədə məhv etməkdən ibarətdir.

“İsgəndər” ƏTRK ilk dəfə 1999-cu ilin avqustunda Moskva vilayətinin Jukovsk şəhərindəki Beynəlxalq Aviasiya və Kosmik Salonda (Mejdunarodnıy aviasionno-kosmiçeskiy salon – MAKS) təqdim edilib.

Hazırda Rusiya ilə yanaşı Belarus, Əlcəzair və Ermənistan ordularında istismar olunur.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS