QuruXəbərlər

“Bereq” döyüş modulu ilə modernləşdirilmiş BMD-2-lər Rusiya Silahlı Qüvvələrinə çatdırılıb

“Rostex” Dövlət Korporasiyasının “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi tərəfindən modernləşdirilmiş BMD-2 desant maşınları Rusiya Silahlı Qüvvələrinə təhvil verilib.

“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, modernləşdirmə çərçivəsində BMD-2 desant maşını “Bereq” döyüş modulu ilə təchiz edilib.

Bu modul BMD-2-nin hədəfləri məhvetmə məsafəsini və atəş gücünü artıraraq hava və dəniz bölmələrinin döyüş imkanlarını genişləndirir. Komplektə təkmilləşdirilmiş nişangah sistemi, gücləndirilmiş atəşi idarəetmə sistemi və “Kornet” tank əleyhinə idarəolunan raketi daxildir.

Həmçinin bütün maşınlar əlavə müdafiə dəstləri və elektron mübarizə vasitələri ilə təchiz edilib.

“Rostex”in silah, sursat və xüsusi kimyəvi maddələr klasterinin sənaye direktoru Bekxan Ozdoyev bildirib ki, rusiyalı mütəxəssislər real döyüş təcrübəsinə əsaslanaraq texnikanı fasiləsiz təkmilləşdirirlər.

Onun sözlərinə görə, “Bereq” ilə modernləşdirilmiş BMD-2 daha texnoloji və ekipaj üçün daha rahat olub ki, bu da onu “Berejok” döyüş modulu ilə təchiz edilmiş BMP-2M ilə eyni səviyyəyə çıxarır: “Bundan əlavə, maşının effektivliyi yeni səviyyəyə çatıb. Daha güclü silahlanma düşməni daha uzaq məsafədən vurmağa imkan verir, bu isə BMD-2-nin sağ qalma qabiliyyətini artırır və hərbçilərin təhlükəsizliyini təmin edir”.

Back to top button